Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşlarının xarici ölkələrdə keçirdikləri gecələmələrin ümumi sayı 4 milyon 834 min 577 olub.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 2 milyon 791 min 471-i hotel və mehmanxana tipli obyektlərin, 551 min 110-u kirayə götürülmüş evlərin, 1 milyon 110 min 227-si isə qohumların və dostların evlərinin payına düşüb. Bundan başqa, 381 min 769 gecələmə vətəndaşların özlərinə və ya ailə üzvlərinə məxsus mənzillərdə qeydə alınıb.
Beləliklə, gecələmələrin təxminən 23 faizi qohum və dost evlərində baş tutub.
Ölkələr üzrə baxdıqda, Türkiyə 2 milyon 80 min 843 gecələmə ilə ilk yerdədir. Rusiyada 655 min 940, Gürcüstanda isə 695 min 265 gecələmə qeydə alınıb.
Xüsusilə diqqətçəkən məqam Gürcüstanda qohum və dost evlərində keçirilən gecələrin sayıdır. Bu ölkədə həmin göstərici 244 min 697 olub. Rusiyada isə 247 min 542 gecə qohum və dost evlərində keçirilib.