Süni intellekt ağıllanır, amma daha çox elektrik və su istəyir

Süni intellekt ağıllanır, amma daha çox

 Süni intellekt texnologiyalarının inkişafı ilə data mərkəzlərinin elektrik enerjisi və sudan istifadəsi cəmiyyətin əsas narahatlıqlarından birinə çevrilib. ABŞ və Böyük Britaniyada sorğuda iştirak edənlərin təxminən üçdə ikisi bu obyektlərin resurs istehlakını problem hesab edir.

Monetar.az xəbər verir ki, Statista Consumer Insights-ın araşdırmasına əsasən, Böyük Britaniyada respondentlərin 67%-i data mərkəzlərinin yüksək elektrik və su sərfiyyatından narahatdır. Onların 30%-i bu məsələdən çox, qalanları isə müəyyən qədər narahat olduğunu bildirib.

ABŞ-da bu göstərici 66% təşkil edib. Amerikalı respondentlərin 34%-i ciddi narahatlıq ifadə edib.

Almaniyada narahatlıq səviyyəsi nisbətən aşağı olsa da, əhalinin əksəriyyəti bu problemi aktual hesab edir. Sorğuda iştirak edən almanların 57%-i data mərkəzlərinin resurs istehlakından narahat olduğunu bildirib. Respondentlərin 24%-i isə neytral mövqe nümayiş etdirib.

Araşdırmaya görə, narahat olmayanların payı hər 3 ölkədə azdır. Böyük Britaniyada bu göstərici 10%, Almaniyada isə 12% təşkil edib.

Süni intellekt infrastrukturu üçün milyardlarla dollar investisiya yatıran texnologiya şirkətlərinin data mərkəzlərini sürətlə genişləndirməsi elektrik enerjisinə və soyutma məqsədilə istifadə olunan suya tələbatı artırır. Bu vəziyyət enerji şəbəkələrinə, yerli icmalara və iqlim hədəflərinə əlavə təzyiq yaradır.