Microsoft "Oracle" serverlərindən imtina edib

Microsoft "Oracle" serverlərindən

Microsoft süni intellekt (Sİ) sistemlərinin işləməsi üçün Oracle şirkətindən icarəyə götürdüyü hesablama güclərindən imtina etməyi planlaşdırır. “Bloomberg” agentliyinin insayderlərə istinadən yaydığı məlumata görə, bu qərar korporasiyanın bulud infrastrukturu üzrə xərcləri optimallaşdırmaq strategiyasının tərkib hissəsidir.

Məlumata əsasən, Microsoft son aylarda Oracle-dan icarəyə götürdüyü hesablama resurslarını mərhələli şəkildə istismardan çıxarmağa başlayıb. Səbəb həmin güclərin şirkətin müəyyən etdiyi texniki tələblərə artıq cavab verməməsidir.

“Bloomberg”in mənbəsinin bildirdiyinə görə, əsas problemlərdən biri Oracle serverlərinin əksəriyyətində Nvidia şirkətinin əvvəlki nəsil qrafik prosessorlarının quraşdırılmasıdır. Bu isə süni intellekt sistemlərinin artan hesablama tələbatı fonunda həmin resursların istifadəsini məhdudlaşdırır.

Microsoft və Oracle arasında əməkdaşlıq sazişi 2023-cü ildə imzalanıb. Razılaşmaya əsasən, Oracle süni intellekt imkanları ilə təkmilləşdirilmiş Bing axtarış sisteminin yenilənmiş versiyasının fəaliyyətini təmin etmək üçün server resursları təqdim etməli idi.

Digər tərəfdən, süni intellekt texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizlik məsələlərini də aktuallaşdırır. 2026-cı ilin avqustunda texnologiya, maliyyə və kibertəhlükəsizlik sektorlarını təmsil edən 100-dən çox şirkət biznes və dövlət qurumlarını kibermüdafiə tədbirlərini gücləndirməyə çağıran birgə müraciət yayıb. Sənədi imzalayanlar arasında OpenAI, Anthropic, Google və Microsoft da yer alıb.

Açıq məktubun təşəbbüskarı OpenAI olub. Sənəd müəllifləri kibertəhlükəsizlik sahəsində mövcud boşluqların aradan qaldırılması üçün vaxtın məhdud olduğunu vurğulayıblar. Onlar köhnə proqram təminatındakı zəifliklər, etibarlılığı kifayət qədər olmayan autentifikasiya mexanizmləri, yenilənməyən sistemlər və yığılmış texniki borcun yaratdığı risklərə diqqət çəkiblər.

“Radiotoçka NSN” Telegram kanalının məlumatına görə, müraciətdə bu problemlərin süni intellektin inkişaf etdiyi şəraitdə daha ciddi təhlükəsizlik risklərinə çevrilə biləcəyi qeyd olunub.

MONETAR.AZ