Elektrikli BMW i3 cəmi 3 saat enerji yığmaqla 5900 km məsafə qət edib

Elektrikli BMW i3 cəmi 3 saat enerji yığmaqla 5900 km

BMW şirkəti elektrikli i3 sedanının Avropanın bir ucundan digərinə uzanan marşrutu rekord müddətdə qət etdiyini açıqlayıb. Avtomobil Norveçin Nordkap burnundan İspaniyanın Tarifa şəhərinə qədər 5 886,7 kilometr məsafə qət edib. Bu müddətdə enerji doldurma stansiyalarında cəmi 2 saat 45 dəqiqə 54 saniyə vaxt keçirilib.

Şirkətin məlumatına görə, səkkiz Avropa ölkəsindən keçən Paneuropeana marşrutu üzrə əldə edilən bu nəticə yeni rekorddur. Avtomobilin hərəkətdə olduğu ümumi müddət 3 gün 2 saat 41 dəqiqə, orta sürəti isə 79,7 km/saat təşkil edib. Sınaq zamanı orta enerji sərfiyyatı hər 100 kilometrə 12,5 kVt·saat olub.

BMW i3 yalnız ictimai istifadəyə açıq enerji doldurma stansiyalarından yararlanıb. Doldurma prosesində orta güc 275 kVt təşkil edib. Beləliklə, 2017-ci ildə müəyyən edilmiş əvvəlki rekord yeddi saatdan çox yaxşılaşdırılıb.

BMW əldə olunan nəticəni avtomobil texnologiyalarının və enerji doldurma infrastrukturunun inkişafı ilə əlaqələndirir. Şirkət xüsusilə aerodinamika və güc qurğularında əldə edilən irəliləyişlərin bu uğura töhfə verdiyini vurğulayır.

Rekord sınağında seriya istehsalı olan tam ötürücülü BMW i3 50 xDrive modeli iştirak edib. Avtomobil ümumi gücü 469 at qüvvəsi, fırlanma anı isə 645 Nm olan iki elektrik mühərriki ilə təchiz edilib. Model 100 km/saat sürətə 4,7 saniyəyə çatır.

108,7 kVt·saat tutumlu batareya WLTP sınaq dövrünə əsasən 912 kilometrədək yürüş ehtiyatı təmin edir. Sabit cərəyanla enerji doldurma gücü isə maksimum 400 kVt-a çatır.

 

MONETAR.AZ