Dünyanın ən uzun fasiləsiz sərnişin reyslərinin siyahısı açıqlanıb. Reytinqlə ABŞ-ın Nyu-York şəhərindən Sinqapura uçuş liderlik edir. Bu marşrut üzrə səyahət təxminən 19 saat 15 dəqiqə davam edir.
Monetar.az xəbər verir ki, Reytinqin ilk iki pilləsində Singapore Airlines aviaşirkətinin reysləri yer alıb. Nyu-Yorkun Con Kennedi hava limanından Sinqapura uçuş 19 saat 15 dəqiqə, Nyuark hava limanından eyni istiqamətə uçuş isə 19 saat 10 dəqiqə çəkir. Bu reyslər müvafiq olaraq 9 532 və 9 530 mil məsafə qət edir.
Üçüncü yerdə Avstraliyanın Pert şəhərindən Londonun Hitrou hava limanına uçuş qərarlaşıb. Bu marşrut üzrə səyahət 17 saat 50 dəqiqə davam edir. Eyni müddət Nyu-Yorkdan Yeni Zelandiyanın Oklend şəhərinə uçuş üçün də nəzərdə tutulub.
Dünyanın ən uzun 10 fasiləsiz uçuşunun siyahısı belədir:
- Nyu-York (JFK) - Sinqapur: 19 saat 15 dəqiqə.
- Nyuark - Sinqapur: 19 saat 10 dəqiqə.
- Pert - London: 17 saat 50 dəqiqə.
- Nyu-York - Oklend: 17 saat 50 dəqiqə.
- Dallas - Melburn: 17 saat 40 dəqiqə.
- Hyuston - Sidney: 17 saat 35 dəqiqə.
- Pert - Paris: 17 saat 30 dəqiqə.
- Dallas - Honkonq: 17 saat 15 dəqiqə.
- Los-Anceles - Sinqapur: 17 saat 10 dəqiqə.
- Oklend - Dubay: 17 saat 5 dəqiqə.
Sinqapura həyata keçirilən ilk iki reys xüsusi olaraq uzun məsafəli uçuşlar üçün hazırlanmış Airbus A350-900ULR təyyarələri ilə yerinə yetirilir. Bu iki marşrutun uçuş müddəti siyahıdakı digər reyslərdən ən azı 85 dəqiqə çoxdur.
Reytinqdə Avstraliya istiqamətləri də üstünlük təşkil edir. Qantas aviaşirkəti Pert-London və Dallas-Melburn reysləri ilə ilk beşlikdə iki marşrutla təmsil olunur.