Noyabr ayında dünyada böyük endirim kampaniyaları başlayıb. Çində 11.11, ABŞ-da Qara Cümə və Kiber Bazar ertəsi alış-verişin həcmini artırsa da, istehlakçılar endirimlərə əvvəlki kimi etibar etmirlər.
Monetar.az xəbər verir ki, 2026-cı ildə mövsümi endirimlərdə Çində 900 milyona yaxın, ABŞ-da isə 200 milyondan çox insanın iştirak edəcəyi gözlənilir.
Çində noyabrın 11-də qeyd olunan Subaylar Günü ilin ən böyük onlayn alış-veriş kampaniyası hesab olunur. Əvvəlcə Sevgililər Gününə alternativ kimi yaranan bu tarix sonradan genişmiqyaslı ticarət tədbirinə çevrilib. Bu il kampaniyalar oktyabrın 20-dən başlayıb və bir neçə həftə davam edir. Çin onlayn ticarət platformalarında bir milyondan çox brendin və 70 milyondan artıq məhsulun iştirak etdiyi bildirilir.
ABŞ-da isə Milli Pərakəndə Ticarət Federasiyasının proqnozuna əsasən, bayram mövsümündə satışlar ötən illə müqayisədə 4,2% artaraq 1 trilyon dolları keçəcək. Bain şirkətinin qiymətləndirməsinə görə, Qara Cümə ilə Kiber Bazar ertəsi arasındakı beş gündə amerikalılar 85 milyard dollar xərcləyə bilərlər.
Ötən il Şükranlıq Günündən Kiber Bazar ertəsinə qədər davam edən beşgünlük dövrdə 202,9 milyon amerikalı alış-veriş edib. Bu il də göstəricinin həmin səviyyəyə yaxın olacağı gözlənilir. Bununla belə, yüksək gəlirli ailələrin ümumi satışlarda daha böyük paya sahib olacağı, aşağı gəlirli ailələrin isə xərclərə daha ehtiyatla yanaşacağı proqnozlaşdırılır.
Avropada endirim mövsümündə satışların 2-3,5% artacağı gözlənilir. Bain şirkətinin qiymətləndirməsinə görə, Böyük Britaniyada artım 3,5%, Fransada 2,5%, Almaniyada isə 2% təşkil edə bilər.
Lakin avropalı istehlakçıların endirimlərə marağı əvvəlki illərlə müqayisədə zəifləyib. Uzun müddət davam edən inflyasiya ailələrin alıcılıq qabiliyyətini azaldıb və onları xərcləri daha diqqətlə planlaşdırmağa vadar edib. Analitiklər hesab edirlər ki, satış gəlirlərindəki artım əsasən qiymətlərin yüksəlməsi ilə bağlı olacaq, alınan məhsulların sayı isə ciddi dəyişməyəcək.