Avropada təbii qazın birja qiyməti noyabrın 10-da əvvəlcə ucuzlaşsa da, günün ikinci yarısında yenidən artıb. Səhər saatlarında 2,6% geriləyən qiymət sonradan əvvəlki səviyyəsini də ötüb.
Monetar.az xəbər verir ki, ICE London birjasında Niderlandın TTF habı üzrə dekabr fyuçersləri günortadan sonra 0,4% artaraq 1 000 kubmetr üçün 956,9 dollara çatıb.
Ticarət gününə 938,3 dollarla başlayan qazın qiyməti səhər saat 09:50-də 928,5 dollara qədər düşüb. Lakin gün ərzində istiqamətini dəyişərək saat 14:30-da 956,9 dollara yüksəlib. Müqayisə üçün qeyd edək ki, əvvəlki ticarət gününün hesablaşma qiyməti 953,2 dollar olub.
Avropada qaz bazarına Yaxın Şərqdəki münaqişə, hava şəraiti və tədarük həcmləri təsir göstərir. Yeraltı anbarlardakı ehtiyatlar və mayeləşdirilmiş təbii qazın dünya bazarındakı qiymətləri də birja kotirovkalarının dəyişməsində mühüm rol oynayır.