Göl və nohurlarda balıq ovu 59 faiz artıb

Göl və nohurlarda balıq ovu

Azərbaycanda göl və nohurlarda balıqçılıq fəaliyyəti ilə məşğul olan təsərrüfatların ovladığı balığın həcmi 2025-ci ildə əhəmiyyətli dərəcədə artıb. İl ərzində bu təsərrüfatlar tərəfindən ümumilikdə 554 ton balıq tutulub. Bu göstərici 2024-cü ildəki 347 tonla müqayisədə 207 ton və ya təxminən 59,7% çoxdur.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən xəbər verir ki, göl və nohurlarda balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslərin sayı da artıb. 2025-ci ildə onların sayı 152-yə çatıb. Halbuki 2024-cü ildə bu göstərici 133, 2020-ci ildə isə 139 olub.

Balıqçılıq təsərrüfatlarının istifadə etdiyi göl və nohurların ümumi sahəsi də genişlənib. 2025-ci ildə su hövzələrinin səthi 2 377 hektar təşkil edib. Bu, əvvəlki ilin 1 468 hektarlıq göstəricisindən 909 hektar çoxdur. Müqayisə üçün, 2020-ci ildə həmin ərazilərin sahəsi 1 024 hektar olub.

Balıq növləri üzrə göstəricilərə gəldikdə, 2025-ci ildə ən çox çəki balığı ovlanıb. Bu növ üzrə hasilat 289 ton təşkil edib. Ağ amurdan 86 ton, gümüşü daban balığından 101 ton, qızılxallı foreldən 28 ton, karpdən 7 ton, digər balıq növlərindən isə 33 ton tutulub. Nərə balığının ovu 10 ton olub.

Məlumatlar göstərir ki, 2024-cü illə müqayisədə əsas balıq növlərinin əksəriyyəti üzrə ov həcmi yüksəlib. Xüsusilə ağ amur üzrə göstərici 38 tondan 86 tona, gümüşü daban balığı üzrə 57 tondan 101 tona, qızılxallı forel üzrə isə 14 tondan 28 tona çatıb.

Ümumilikdə, 2020–2025-ci illərdə göl və nohurlarda balıqçılıqla məşğul olan təsərrüfatların sayı və istifadə etdikləri su hövzələrinin sahəsi artıb. Eyni dövrdə ovlanan balığın həcmi 533 tondan 554 tona yüksəlib. Bununla belə, göstərici illər üzrə sabit olmayıb: 2023-cü ildə 321 tona qədər azaldıqdan sonra növbəti iki ildə yenidən artım qeydə alınıb.