Microsoft-un xidmətlərində yaranan texniki nasazlıq Exchange Online bulud poçt platformasının və Microsoft 365 məhsullarının fəaliyyətində problemlərə səbəb olub. Şirkətin X sosial şəbəkəsində yaydığı məlumata görə, elektron poçta girişlə bağlı çətinliklər əsasən Şimali və Cənubi Amerikada qeydə alınıb. Bununla yanaşı, nasazlığın dünya üzrə istifadəçilərə də təsir göstərə biləcəyi bildirilib.
Microsoft problemin aradan qaldırılması üçün avtomatlaşdırılmış bərpa sistemlərinin işə salındığını açıqlayıb. Şirkətin paylaşımında qeyd olunub ki, telemetriya məlumatları görülən tədbirlərin nasazlığın miqyasını əhəmiyyətli dərəcədə azaltdığını göstərir.
Xidmətlərin fəaliyyətindəki problemləri izləyən Downdetector platformasının məlumatlarına əsasən, ən çox şikayət Outlook istifadəçilərindən daxil olub. Dünən Bakı vaxtı ilə saat 23:20-yə olan məlumata görə, bu xidmətlə bağlı nasazlıq bildirişlərinin sayı 127 mini ötüb.
İstifadəçilər Microsoft 365-də 45,8 mindən, Microsoft Store-da 11,6 mindən, Microsoft Teams-də isə 4,5 mindən çox problem barədə məlumat veriblər.
Qeyd edək ki, Microsoft xidmətlərində əvvəlki genişmiqyaslı nasazlıq avqustun ortalarında baş vermişdi. Həmin vaxt dünyanın müxtəlif ölkələrində istifadəçilər GitHub, Microsoft Copilot və Microsoft Teams platformalarına girişdə çətinliklərlə üzləşmişdilər.
Downdetector-un məlumatına görə, avqustda GitHub-da yaranan problemlər təxminən üç saat davam edib. Nasazlığın ən yüksək həddində şikayətlərin sayı 2,7 mini keçib. Problem barədə məlumat verən istifadəçilərin 70%-dən çoxu saytın fəaliyyətində çətinliklərlə qarşılaşdıqlarını bildirib.
MONETAR.AZ