ABŞ Ticarət Nazirliyi Çinin süni intellekt şirkətlərinin digər ölkələrdə yerləşən məlumat mərkəzləri vasitəsilə qabaqcıl hesablama çiplərinə uzaqdan çıxış əldə etməsinin qarşısını almaq üçün yeni qaydanın yekun variantını hazırlayır.
“The Information” nəşrinin çərşənbə günü məsələ ilə tanış iki mənbəyə istinadən yaydığı məlumata görə, yeni tənzimləmə artıq bu ay dərc oluna bilər. Qayda nazirliyin Sənaye və Təhlükəsizlik Bürosunun tətbiq etdiyi mövcud yarımkeçirici nəzarət mexanizmlərini genişləndirəcək. Məhdudiyyətlərin Malayziya, Sinqapur və Tailand da daxil olmaqla daha yeddi ölkəni əhatə edəcəyi bildirilir.
Yeni tədbirlərin əsas məqsədi Çinin qabaqcıl çiplərə üçüncü ölkələrdəki məlumat mərkəzləri vasitəsilə çıxış əldə etməsinin və həmin avadanlıqların qanunsuz yollarla ölkəyə daşınmasının qarşısını almaqdır.
Bu təşəbbüs “Nvidia” şirkətinin Çin bazarı ilə əlaqələri ətrafında müzakirələrin artdığı bir vaxta təsadüf edir. Şirkətin baş icraçı direktoru Censen Huanqın Pekinin xeyrinə casusluqda şübhəli bilinən şəxslə münasibətini etiraf etməsi də diqqət çəkən məqamlardan biri olub.
Çinin “Tencent”, “Alibaba” və “ByteDance” kimi iri texnologiya şirkətləri süni intellekt modellərinin öyrədilməsi üçün “Nvidia”nın qabaqcıl çiplərinə çıxış imkanı verən xarici məlumat mərkəzləri ilə artıq müqavilələr bağlayıblar. Lakin bu əməkdaşlıqlar həm xaricdə, həm də Çinin özündə daha ciddi nəzarətlə üzləşir. Xüsusilə Pekinin yerli istehsal olan çiplərdən istifadənin genişləndirilməsini təşviq etməsi bu məsələyə diqqəti artırır.
“The Information”ın məlumatına görə, Ticarət Nazirliyi qaydanı yekun təsdiqə təqdim etməzdən əvvəl digər dövlət qurumları ilə razılaşdırır.
Bundan əvvəl, çərşənbə günü “Axios” nəşri ABŞ Prezidenti Donald Trampın çiplərin Çinə qanunsuz idxalının qarşısını almaq üçün ixrac nəzarətinin sərtləşdirilməsini tələb etdiyini yazıb. Nəşrin məlumatına əsasən, ticarət naziri Hovard Lütnik isə bu tədbirə əsas etiraz edən şəxslərdən biri olub.
MONETAR.AZ