Microsoft Çin komponentlərinə qoyulan qadağanı ləğv etməyi xahiş edir

Microsoft Çin komponentlərinə qoyulan qadağanı

Microsoft süni intellekt məlumat mərkəzlərinin qurulmasında istifadə olunan Çin istehsalı optik transiverlərin idxalına qadağa qoyulması planından imtina edilməsi üçün ABŞ administrasiyasına müraciət edir. Şirkət hesab edir ki, belə bir məhdudiyyət ABŞ-da məlumat mərkəzlərinin tikintisini ləngidə və ölkənin süni intellekt sahəsində Çin üzərindəki texnoloji üstünlüyünə zərər vura bilər.

“Reuters” agentliyi məsələ ilə tanış olan üç mənbəyə istinadən xəbər verir ki, ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) bu qadağanın tətbiqi üzərində işləyir. Administrasiyanın məhdudiyyət təşəbbüsünü ən azı avqust ayından müzakirə etdiyi bildirilir.

Optik transiverlər məlumat mərkəzlərində serverlər və digər şəbəkə avadanlıqları arasında fiber-optik kabellər vasitəsilə məlumat ötürülməsini təmin edir. ABŞ hakimiyyət orqanları Çin istehsalı olan bu qurğulardan məlumatların oğurlanması, zərərli proqram təminatının yerləşdirilməsi və ya xidmətlərin fəaliyyətinin pozulması məqsədilə istifadə edilə biləcəyindən narahatdır.

“Reuters”in məlumatına görə, Microsoft Çin optik transiverlərinin idxalına məhdudiyyət qoyulmasının əleyhinə çıxan bir neçə şirkət və sənaye assosiasiyasından biridir. Şirkətlərin əsas narahatlığı alternativ təchizat mənbələrinin kifayət qədər olmaması və bunun ABŞ-ın süni intellekt infrastrukturunun inkişafına maneə yaratmasıdır.

Cleanview məlumatlarına əsasən, hazırda Microsoft-un ABŞ ərazisində 35 məlumat mərkəzinin tikintisi aparılır, daha 134 obyektin inşası isə planlaşdırılır.

İki mənbənin bildirdiyinə görə, Microsoft sentyabr ayında Ağ Evin elm və milli təhlükəsizlik üzrə nümayəndələri ilə tədarük zəncirində yarana biləcək riskləri müzakirə edən şirkətlər arasında yer alıb.

Information Technology Industry Council sənaye lobbi qrupunun baş hüquq məsləhətçisi Con Miller “Reuters”ə açıqlamasında bildirib ki, təklif olunan qadağa məlumat mərkəzlərinin qurulması prosesini demək olar ki, dayandırmaq riski yaradır.

Onun sözlərinə görə, bir sıra bulud xidmətləri şirkətləri layihələri üçün artıq süni intellekt çipləri əldə ediblər. Lakin həmin çipləri şəbəkəyə qoşmaq üçün zəruri optik transiverlər olmadıqda, bahalı avadanlıq istifadəsiz qala bilər.

Agentliyin məlumatına əsasən, bəzi böyük məlumat mərkəzlərinin serverlərini, marşrutlaşdırıcılarını və kommutatorlarını birləşdirmək üçün milyonlarla optik transiverə ehtiyac yaranır.

Optik transiverlərin qlobal tədarükündə Çin şirkətləri mühüm paya sahibdir. Counterpoint Research-in məlumatına görə, dünya bazarının təxminən üçdə ikisi Çinin payına düşür. Bu sahədə Eoptolink və Zhongji Innolight şirkətləri aparıcı mövqelərdədir.

Bununla belə, Zhongji Innolight şirkəti Pentaqonun hərbi strukturlarla əlaqəli Çin şirkətləri siyahısına daxil edilib.

ABŞ-da alternativ istehsalçılar olsa da, onların mövcud istehsal gücü Çin tədarükçülərini əvəz etmək üçün kifayət etmir. Foundation for American Innovation təşkilatının hesabatına istinad edən “Reuters” bildirir ki, Coherent və Lumentum şirkətləri rəqabətqabiliyyətli texnologiyalar istehsal etsələr də, bazarın tələbatını tam qarşılamaq imkanına malik deyillər.

“Reuters”in iki mənbəyə istinadən yaydığı məlumata görə, FCC saniyədə 3,2 terabit ötürmə qabiliyyətinə malik optik transiverlər üçün mümkün tələbləri də nəzərdən keçirir.

Bu göstəricilərə uyğun qurğuların kütləvi istehsalına ən tez 2028-ci ildə başlanacağı, onların geniş tətbiqinin isə 2029-cu ildə mümkün olacağı gözlənilir.

Belə bir vaxt çərçivəsi ABŞ istehsalçılarına istehsal güclərini artırmaq və Çin tədarükçülərindən asılılığı azaltmaq üçün əlavə imkan yarada bilər. Eyni zamanda, yeni yanaşma Vaşinqtonun həm yerli texnologiya şirkətlərinin ehtiyaclarını, həm də Pekinlə münasibətlərdəki fikir ayrılıqlarını nəzərə almasına şərait yarada bilər.

MONETAR.AZ