Azərbaycanda vergi ödəyicilərinin və kommersiya qurumlarının sayı artıb. Bununla belə, ölkədə qeydiyyatda olan şirkətlərin böyük əksəriyyəti məhdud məsuliyyətli cəmiyyətlərdir (MMC).
Monetar.az xəbər verir ki, noyabrın 1-nə Azərbaycanda 1 milyon 734 min 871 vergi ödəyicisi qeydiyyatda olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur.
Vergi ödəyicilərinin 86,7%-i fiziki şəxslər, 13,3%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son bir ildə fərdi sahibkarların sayı 4,3%, idarə, müəssisə və təşkilatların sayı isə 5,6% artıb.
Kommersiya qurumlarının sayında da artım qeydə alınıb. Oktyabrın sonuna ölkədə qeydiyyatda olan kommersiya qurumlarının sayı 214 min 988-ə çatıb. Bu, illik müqayisədə 6,4% çoxdur.
Təkcə oktyabr ayında 1 183 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Yeni yaradılan şirkətlərin 86,8%-i yerli, 13,2%-i isə xarici investisiyalı olub.
Statistikada diqqət çəkən məqamlardan biri şirkətlərin qeydiyyat formasına aiddir. Belə ki, dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5%-i MMC formasında yaradılıb. Bu, Azərbaycanda sahibkarların biznes fəaliyyəti üçün əsasən məhdud məsuliyyətli cəmiyyət modelinə üstünlük verdiyini göstərir.
Şirkətlərin qeydiyyatında elektron xidmətlərin payı da yüksəkdir. Oktyabr ayında kommersiya qurumlarının 84%-i elektron qaydada qeydiyyatdan keçib. Yerli investisiyalı MMC-lərin elektron qeydiyyatının xüsusi çəkisi isə 96,6% təşkil edib.
Qeyd edək ki, kommersiya qurumlarının sayının artması biznes qeydiyyatında genişlənməni göstərsə də, bu, onların hamısının aktiv fəaliyyət göstərməsi demək deyil. Şirkətlərin real iqtisadi fəaliyyəti, dövriyyəsi və yaratdığı iş yerləri biznes mühitinin vəziyyətini qiymətləndirmək üçün əsas göstəricilər olaraq qalır.