Böyük Britaniya hökuməti 2030-cu ilə qədər yeni avtomobil satışlarında elektromobillərin payına dair hədəfi hazırkı 80%-dən təxminən 60%-ə endirməyi nəzərdən keçirir. Bu barədə “The Guardian” qəzeti bazar günü hökumət mənbələrinə istinadən məlumat yayıb.
2024-cü ildə qüvvəyə minmiş qaydalara əsasən, avtomobil istehsalçıları hər il sıfır emissiyalı nəqliyyat vasitələrinin satışdakı payını artırmalıdırlar. Mövcud plan üzrə bu göstərici 2026-cı ildə 33%, 2030-cu ildə 80%, 2035-ci ildə isə 100% olmalıdır.
“The Guardian”ın məlumatına görə, Britaniyanın baş nazir müavini vəzifəsini icra edən Luiza Hey çərşənbə günü Dauninq-stritdə keçiriləcək görüşdən sonra yenilənmiş planı təsdiqləyə bilər. Nəşr onun 2030-cu il üçün 60%-lik hədəfi və çeviklik tədbirlərinin 2034-cü ilədək uzadılmasını dəstəkləyəcəyini ehtimal edir.
Bununla belə, hökumət hələ yekun qərar verməyib. Rəsmi nümayəndə “Reuters” agentliyinə açıqlamasında bildirib ki, hökumət sıfır emissiyalı nəqliyyat vasitələri (ZEV) mandatına sadiqdir və bu məsələ ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib.
Hökumət 2030-cu ildən etibarən yalnız benzin və dizel mühərriki ilə işləyən yeni avtomobillərin satışını dayandırmaq planını da qüvvədə saxlayır. Rəsmi nümayəndənin sözlərinə görə, mandat üzrə aparılan məsləhətləşmələr 2035-ci ilədək bütün yeni minik və yük avtomobillərinin sıfır emissiyalı olması tələbinə təsir göstərməyəcək.
Qeyd edək ki, hökumət avqust ayında avtomobil istehsalçılarına elektromobillərə keçidlə bağlı təzyiqi azaltmağa imkan verə biləcək bir sıra variantlar təqdim edib. Hazırda qüvvədə olan satış hədəflərinin yenidən nəzərdən keçirilməsi prosesi davam edir.
Avtomobil istehsalçıları isə təchizat zəncirlərindəki problemlərin və istehlakçı tələbatının zəif olmasının mövcud tələblərin yerinə yetirilməsini çətinləşdirdiyini bildirirlər.
Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) ötən həftə açıqladığı məlumatlara görə, 2026-cı ilin əvvəlindən bəri Britaniyada yeni avtomobil satışlarının 26,6%-i akkumulyatorla işləyən elektromobillərin payına düşüb. Bu, cari il üçün müəyyən edilmiş 33%-lik hədəfdən aşağıdır.
SMMT satış hədəflərinin real bazar tələbatına uyğunlaşdırılması üçün qaydalarda “əhəmiyyətli” dəyişikliklərin edilməsinə çağırıb.
MONETAR.AZ