Azərbaycan Biznesinin İnkişafı Fondu vasitəsilə cari ilin ilk 10 ayında 110-dan çox gənc sahibkara ümumilikdə 6 milyon manatdan artıq kredit ayrılıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, eləcə də Mədəniyyət komitələrinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Nazir müavininin sözlərinə görə, ayrılan maliyyə vəsaiti hesabına sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı, xidmət və turizm sahələrində müxtəlif layihələr həyata keçirilib.
Azər Bayramov, həmçinin gənclərin bilik və bacarıqlarının artırılması, insan kapitalının inkişafı istiqamətində görülən işlərə toxunub. Bildirib ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi beynəlxalq platformalarla əməkdaşlıq çərçivəsində müxtəlif təlimlər təşkil edir.
O əlavə edib ki, dünyanın aparıcı şirkətləri ilə məlumat mərkəzləri və süni intellekt infrastrukturu sahələrində qurulan strateji tərəfdaşlıq yüksəkixtisaslı gənc mütəxəssislər üçün yeni imkanlar yaradır.