Yaponiyanın avtomobil istehsalçısı Mazda Motor Corp. cari maliyyə ilinin ikinci rübündə 26,3 milyard yen əməliyyat mənfəəti əldə edib. Şirkətin əməliyyat mənfəət marjası 1,9% təşkil edib ki, bu da bazar gözləntilərindən bir qədər aşağıdır. Buna baxmayaraq, Mazda bütün maliyyə ili üzrə əməliyyat mənfəəti proqnozunu dəyişməyib.
Şirkətin açıqlamasına görə, avtomobil tədarükünün həcmi gözləntilərə uyğun olsa da, tariflərlə əlaqədar xərclər ilkin proqnozları üstələyib. Bundan əlavə, satışların stimullaşdırılması xərclərinin 30 milyard yen, xammal və logistika xərclərinin isə 40 milyard yen artması mənfəətə təzyiq göstərib.
Mazda yaranmış əlavə xərcləri kompensasiya etmək üçün bir sıra qənaət və gəlirliliyin artırılması tədbirləri nəzərdə tutub. Şirkət sabit xərcləri 30 milyard yen, digər xərcləri isə 10 milyard yen azaltmağı planlaşdırır. Bununla yanaşı, məzənnə fərqlərindən 10 milyard yen müsbət təsir əldə edilməsi, satış strukturunun və qiymət siyasətinin dəyişdirilməsi hesabına mənfəətin daha 10 milyard yen artırılması hədəflənir.
Avtomobil istehsalçısı xarici iqtisadi şəraitin pisləşməsi səbəbindən sabit xərclərin azaldılması proqramını da sürətləndirib. Əvvəlki plan xərclərin daha uzun müddət ərzində mərhələli şəkildə optimallaşdırılmasını nəzərdə tuturdu.
Şirkət rəhbərliyi ABŞ bazarında CX-5 modelinə tələbatın yüksək olduğunu da vurğulayıb. Bu səbəbdən Mazda ABŞ üzrə satış proqnozunu əvvəlki qiymətləndirmə ilə müqayisədə 2 min avtomobil artırıb.
2028-ci maliyyə ili və sonrakı dövrlər üçün strategiyasında şirkət satışların artırılmasını və xərclərin optimallaşdırılmasını əsas prioritetlər kimi müəyyənləşdirib. Mazda-nın inteqrasiya olunmuş hesabatına əsasən, şirkət 2031-ci maliyyə ilinə qədər əməliyyat mənfəəti marjasını 5%-ə çatdırmağı hədəfləyir.
MONETAR.AZ