"Nvidia" Censen Huanqın istefası halında bazar dəyərinin dörddə birini itirə bilər

"Nvidia" Censen Huanqın istefası halında bazar dəyərinin

Yorkville Ives broker şirkətinin analitikləri hesab edirlər ki, Jensen Huanqın Nvidianın baş icraçı direktoru vəzifəsindən ayrılması şirkətin bazar dəyərinin təxminən dörddə birinin itirilməsi ilə nəticələnə bilər. Onların fikrincə, rəhbərin şəxsi həyatı ilə bağlı yayılan məlumatlar və direktorlar şurasında mümkün dəyişikliklər investorların şirkətə inamını zəiflədə bilər.

Den Ayvzın rəhbərlik etdiyi analitiklər Huanqın vəzifəsində qalacağı təqdirdə Nvidia səhmlərinin ədalətli qiymətini 300 dollar, onun şirkətdən ayrılması halında isə 225 dollar səviyyəsində qiymətləndirirlər. Bu fərq rəhbərin şirkətin strategiyasının formalaşmasında və süni intellekt çipləri bazarında mövqeyinin möhkəmləndirilməsində oynadığı mühüm rolu əks etdirir.

Nvidia ətrafında müzakirələr The New York Times qəzetinin Huang-ın şirkətin səhiyyə istiqaməti üzrə vitse-prezidenti Kimberli Pauell ilə ehtimal olunan münasibətləri barədə məlumatından sonra daha da intensivləşib. Bunun ardınca The Wall Street Journal direktorlar şurasının Huang-ın vəzifədən kənarlaşdırılması məsələsini müzakirə edə biləcəyini və rəhbərin gələcək taleyi ilə bağlı çərşənbə günü iclas keçirilməsinin mümkünlüyünü yazıb.

Həftəsonu Huanq casusluqda şübhəli bilinən çinli sahibkar Elis Huanq ilə münasibətinin olduğunu etiraf edib.

“Bütün əlamətlər Jensenin Nvidia rəhbərliyindəki günlərinin sayılı ola biləcəyini göstərir”, – deyə Yorkville Ives analitikləri bildiriblər. Onlar qarşıdakı 48 saatı şirkət üçün ciddi qeyri-sabitlik yarada biləcək dövr kimi qiymətləndiriblər.

Analitiklərin fikrincə, Huanqı başqa bir baş icraçı direktorun və ya müvəqqəti idarəetmə komandasının əvəzləməsi şirkət üçün eyni nəticəni verməyəcək. Varisin kim olacağı, Nvidianın gələcək strategiyası və direktorlar şurasında baş verə biləcək dəyişikliklərlə bağlı qeyri-müəyyənlik səhm qiymətlərinə əlavə təzyiq göstərə bilər.

“Jensen özü və Nvidia üçün xoşagəlməz reputasiya vəziyyəti yaradıb. İndi isə Uoll-strit, Silikon Vadisi, Vaşinqton və qlobal texnologiya ekosistemi bundan sonra nə baş verəcəyini anlamağa çalışır”, – deyə analitiklər qeyd ediblər.

Bununla belə, Yorkville Ives hesab edir ki, mümkün rəhbərlik dəyişikliyi Nvidianın texnoloji üstünlüklərini aradan qaldırmayacaq. Şirkətin süni intellekt çipləri bazarındakı mövqeyi və qrafik prosessorlar sahəsində liderliyi qorunub saxlanıla bilər. Analitiklərin fikrincə, bu amillər Nvidia-ya yaranmış böhrandan çıxmaq və süni intellekt sənayesindəki əsas oyunçulardan biri olaraq qalmaq imkanı verəcək.

MONETAR.AZ