Gələn ildən Azərbaycanın rayonları dotasiyadan asılı olmayacaq və öz gəlirləri hesabına xərclərini qarşılaya biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bir neçə komitəsinin birgə iclasında bildirib.
Nazirin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da gəlirlərin artması növbəti ildə dotasiyanın həcminin azalmasına imkan verəcək.
Sahil Babayev bələdiyyələrə ayrılan dotasiya məsələsinə də toxunub. O bildirib ki, 2027-ci il üçün bələdiyyələrə 7,5 milyon manat dotasiya nəzərdə tutulub. Bu məbləğ cari ilin göstəricisi ilə eynidir.
Nazir qeyd edib ki, cari ildə cəmi iki rayon subvensiya üçün müraciət edib. Onun fikrincə, bu sahədə əsas məsuliyyət bələdiyyələrin üzərinə düşür. Bələdiyyələr dotasiya və subvensiya sifarişlərini vaxtında hazırlamalı, müvafiq əsaslandırmalarla birlikdə təqdim etməlidirlər.
Sahil Babayev əlavə edib ki, hökumət bələdiyyələrə bu istiqamətdə lazımi dəstəyi göstərir və gələcək dövrlərdə də həmin dəstək davam etdiriləcək.