Azərbaycanda 2025-ci ildə kəsim məqsədilə satılan iribuynuzlu mal-qaranın diri çəkisi orta hesabla 259 kiloqram təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 10 kiloqram azdır.
Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən xəbər verir ki, 2025-ci ildə iribuynuzlu mal-qaranın kəsilmiş çəkisi orta hesabla 146 kiloqram olub. Bir il əvvəl bu göstərici 151 kiloqram təşkil edib. Beləliklə, həm diri, həm də kəsilmiş çəki üzrə azalma qeydə alınıb.
Qoyun və keçilərdə isə orta çəki göstəriciləri dəyişməyib. Ötən il kəsim üçün satılan bu heyvanların diri çəkisi orta hesabla 34 kiloqram, kəsilmiş çəkisi isə 17 kiloqram olub. Bu rəqəmlər 2024-cü ilin göstəriciləri ilə eynidir.
Təsərrüfat kateqoriyaları üzrə bölgüdə kənd təsərrüfatı müəssisələrində iribuynuzlu mal-qaranın orta diri çəkisi 319 kiloqram, kəsilmiş çəkisi 183 kiloqram təşkil edib. Fərdi sahibkarların, ailə kəndli və ev təsərrüfatlarının göstəriciləri isə müvafiq olaraq 259 və 145 kiloqram olub.
Qoyun və keçilərdə kənd təsərrüfatı müəssisələri üzrə diri və kəsilmiş çəki orta hesabla 32 və 16 kiloqram, fərdi sahibkarların, ailə kəndli və ev təsərrüfatlarında isə 34 və 17 kiloqram qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə ölkə üzrə kəsim üçün satılan iribuynuzlu mal-qaranın orta diri çəkisi 190 kiloqram, kəsilmiş çəkisi 111 kiloqram olub. Qoyun və keçilərdə isə həmin dövrdə bu göstəricilər müvafiq olaraq 34 və 16 kiloqram təşkil edib.
