Goldman Sachs bankı ABŞ-da inflyasiyanın ardıcıl üçüncü ay gözləntiləri nəzərəçarpacaq dərəcədə üstələməsindən sonra Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini 2027-ci ilin martında daha 0,25 faiz bəndi artıracağını proqnozlaşdırır.
Oktyabr ayında baza istehlak qiymətləri indeksi (CPI) iqtisadçıların gözləntilərini üstələyərək 0,3% yüksəlib. Goldman Sachs-ın qiymətləndirməsinə əsasən, ötən il hökumətin fəaliyyətinin dayandırılması ilə əlaqədar qalan mövsümi amillər bu göstəriciyə 5 baza bəndi əlavə edib.
Bankın ABŞ üzrə baş iqtisadçısı Devid Merikl bildirib ki, bir sıra kateqoriyalarda qeydə alınan qiymət artımları yalnız neftin bahalaşmasının birbaşa təsiri ilə izah edilə bilməz.
Goldman Sachs dekabr ayında FED-in faiz dərəcəsini daha 25 baza bəndi artıracağı ilə bağlı əvvəlki proqnozunu da qüvvədə saxlayır. Mart ayında gözlənilən üçüncü artımın reallaşacağı təqdirdə federal fondlar üzrə faiz dərəcəsi 4,25–4,5% diapazonuna yüksələcək.
Meriklin sözlərinə görə, növbəti artımın martdan əvvəl, hətta yanvar ayında baş verməsi də mümkündür. Çünki FED-in faiz qərarlarını mütləq ardıcıl iclaslarda qəbul etmək öhdəliyi yoxdur. Bununla belə, iqtisadçı mart ssenarisini daha real hesab edir. O, noyabr və dekabr aylarında inflyasiya göstəricilərinin nisbətən zəifləyəcəyini, ilin əvvəlində isə qiymət artımının yenidən sürətlənəcəyini gözləyir. Goldman Sachs bu mövsümi bahalaşmanı “yanvar effekti” adlandırır.
FED-in dekabr iclasında açıqlanacaq dot-plot cədvəlində üçüncü faiz artımının əks olunması üçün komitənin cəmi iki əlavə üzvünün proqnozunu yüksəltməsi kifayət edə bilər. Goldman Sachs hesab edir ki, ilin əvvəlində inflyasiyanın gözləniləndən yüksək olması, hətta həmin vaxta qədər enerji qiymətləri ilə bağlı şokun təsiri azalsa belə, əlavə sərtləşdirmə ehtimalını gücləndirəcək.
FED-in idarəçisi Kristofer Ualler də oktyabr inflyasiya hesabatı açıqlanmamışdan əvvəl faiz siyasəti ilə bağlı sərt mövqe nümayiş etdirib. O bildirib ki, baza CPI göstəricisi təxminən 0,3% və ya daha yüksək olarsa, dekabrda faiz dərəcəsinin 50 baza bəndi artırılması nəzərdən keçirilməlidir. Uallerin fikrincə, cəmi 25 baza bəndlik artım inflyasiya ilə mübarizədə mərkəzi bankın etibarlılığına xələl gətirə bilər.
Bununla belə, Goldman Sachs analitikləri FED-in səsvermə hüququ olan üzvlərinin əksəriyyətinin birbaşa 50 baza bəndlik artıma razılaşacağını gözləmirlər. Buna görə də bank dekabr üçün 25 baza bəndi həcmində artım proqnozunu dəyişməyib.
Digər tərəfdən, seçkilərdən sonra neft fyuçerslərinin qiymətində nəzərəçarpacaq eniş müşahidə olunub. Merikl hesab edir ki, bu vəziyyət enerji qiymətlərindəki şokun istehlak qiymətlərinə əsas ötürülmə prosesinin artıq başa çatdığına işarə edir. Onun fikrincə, 2027-ci ilin sonunadək tariflər, enerji daşıyıcıları və süni intellektin inkişafı ilə əlaqəli qiymət təzyiqlərinin azalması inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsinə şərait yaradacaq.
Goldman Sachs uzunmüddətli faiz proqnozunu dəyişməyərək yekun göstəricinin 3,25–3,5% diapazonunda formalaşacağını gözləyir. Lakin bank faizlərin azaldılmasına başlanması ilə bağlı gözləntisini bir rüb irəli çəkib. Yeni proqnoza əsasən, FED faiz endirimlərinə 2027-ci ilin dekabrında başlayacaq, proses 2028-ci ilin mart, iyun və sentyabr aylarında davam edəcək.
MONETAR.AZ