2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və əlaqəli sahələrin maliyyələşdirilməsi üçün 643 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 116 milyon manat və ya 22% çoxdur.
Maliyyə nazirinin müavini Himalay Məmişov bu barədə Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, eləcə də Mədəniyyət komitələrinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, 2023-cü illə müqayisədə 2027-ci ildə sözügedən xərclərin dövlət büdcəsinin ümumi xərclərində xüsusi çəkisi 39% artıb.
Nazir müavini bildirib ki, nəzərdə tutulan 643 milyon manatın 239 milyon manatı və ya 37%-i mədəniyyət və incəsənət sahəsinə yönəldiləcək. Bu vəsait kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların və musiqi kollektivlərinin saxlanılması xərclərini əhatə edəcək.
Büdcə layihəsində televiziya, radio və nəşriyyat xərcləri üçün 68,4 milyon manat (11%), bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsi üçün 49 milyon manat (7,5%) ayrılması nəzərdə tutulur. Yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərə 22,8 milyon manat (3,5%) yönəldiləcək.
Qalan 264 milyon manat vəsait isə bu sahələrdə fəaliyyət göstərən digər müəssisə və tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq. Buraya mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq xidmətləri, mədəniyyət obyektlərinin təmiri və maddi-texniki təminatın gücləndirilməsi kimi istiqamətlər daxildir.
H.Məmişov qeyd edib ki, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması üçün 2027-ci ildə 13,7 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 20% çoxdur. Ölkədəki Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və digər analoji mədəniyyət müəssisələrinin saxlanılması üçün isə 49,7 milyon manat nəzərdə tutulub.
Media sektoruna gəlincə, qurumların xərclərinin qarşılanması və fəaliyyətinin təmin edilməsi məqsədilə ümumilikdə 68,4 milyon manat vəsait ayrılması planlaşdırılır. Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə beynəlxalq auditoriyaya çatdırılması, teatr və kino sahələrinin inkişafı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirlərinə isə 26,8 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Bundan əlavə, teatr və konsert müəssisələri də daxil olmaqla, bəzi təşkilatların fəaliyyəti üçün 51,6 milyon manat vəsait proqnozlaşdırılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin saxlanılmasına 3,4 milyon manat, Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi və Dövlət Film Fondunun fəaliyyətinə 3,1 milyon manat, Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsinə isə 9 milyon manat ayrılması planlaşdırılır.
2027-ci ilin büdcə layihəsində mədəniyyət və informasiya sektorunun, eləcə də idman və gənclər siyasətinin maliyyələşdirilməsi üçün əvvəlki illərlə müqayisədə daha çox vəsait nəzərdə tutulub.