1997-ci il noyabrın 12-də Azərbaycanda “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” yatağından ilk neft hasilatına başlanılıb. Bu hadisə ölkənin neft sənayesinin inkişafında mühüm mərhələlərdən biri olub.
Monetar.az xəbər verir ki, xarici neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın Xəzər dənizindəki neft yataqlarının birgə işlənməsini nəzərdə tuturdu.
Noyabrın 12-də isə ilkin neftin çıxarılması münasibətilə “Çıraq-1” platformasında təntənəli mərasim keçirilib.
“Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanıb. Sazişə Azərbaycanla yanaşı, 7 ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti qoşulub. Müqavilə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tuturdu.
İlk neftin hasilatından sonra layihə çərçivəsində hasilat və ixrac infrastrukturu da inkişaf etdirilib. 1997-ci ilin sonunda Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri ilə ixrac olunmağa başlayıb.
Bu hadisə Azərbaycanın xarici investisiyaların cəlb edilməsi və neft ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması istiqamətində yeni mərhələnin başlanğıcı olub.