İrana hücumlar nəticəsində atmosferə 1,5 milyon ton karbon qazı yayılıb

İrana hücumlar nəticəsində atmosferə

İranın Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkədəki yanacaq obyektlərinə hücumlarının atmosferə təxminən 1,5 milyon ton karbon qazının (CO₂) buraxılmasına səbəb olduğunu bildirib.

Monetar.az xəbər verir ki, Pezeşkian bu barədə Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP31 Liderlər Sammitində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Asaluye şəhərindəki yanacaq obyektlərinə hücum nəticəsində təxminən 500 min ton, Tehran ətrafındakı yanacaq anbarlarına hücumlar nəticəsində isə 1 milyon ton karbon qazı atmosferə yayılıb.

Pezeşkian bildirib ki, hərbi əməliyyatlar, sursat partlayışları, infrastrukturun dağıdılması və yanğınlar uzun illər ərzində əldə olunan ekoloji nəticələri məhv edir. Onun fikrincə, bu hadisələr ətraf mühitə ciddi ziyan vurmaqla yanaşı, böyük həcmdə istixana qazlarının atmosferə yayılmasına səbəb olur.

İran Prezidenti İsrailin Fars körfəzi regionunda həyata keçirdiyi bombardmanların infrastruktur, su və torpaq ehtiyatlarına, eləcə də ekosistemə zərər vurduğunu iddia edib. O, bölgənin ciddi humanitar və ekoloji böhranla üzləşdiyini bildirib.

Pezeşkian həmçinin İranın ətraf mühitin mühafizəsi ilə bağlı obyektlərinin və qorunan ərazilərinin hücumlara məruz qalmasını gələcək nəsillərin ortaq irsinə zərbə kimi qiymətləndirib. O, ABŞ və İsrailin bu hücumlarına görə məsuliyyət daşımasını təmin etmək üçün beynəlxalq mexanizmlərin gücləndirilməsinə çağırıb.

Pezeşkian çıxışında ölkənin bərpaolunan enerji sahəsindəki göstəricilərinə də toxunub.

O bildirib ki, iqtisadi sanksiyalara və beynəlxalq maliyyə və texnologiyalara çıxışın məhdudlaşdırılmasına baxmayaraq, İranda bərpaolunan enerji stansiyalarının ümumi gücü son iki ildə 1 250 meqavatdan 6 150 meqavatdan çoxa yüksəlib.

Onun sözlərinə görə, bu il ölkədə təmiz elektrik enerjisi istehsalı 4,5 milyard kilovat-saatı ötüb və bunun nəticəsində təxminən 2,5 milyon ton karbon qazı emissiyasının qarşısı alınıb.