Çinin energetika investisiyaları bu ildə 940 milyard dollara çatacaq

Çinin energetika investisiyaları bu ildə

Çinin energetika sektoruna investisiyalarının 2026-cı ildə 940 milyard dollara yüksələcəyi proqnozlaşdırılır. Bu göstərici ölkəni enerji sahəsinə ən çox vəsait yatıran dövlətə çevirəcək. Dünyanın ikinci ən böyük iqtisadiyyatı investisiya prioritetlərini sürətlə inkişaf edən bərpa olunan enerji sektorunun ehtiyaclarını qarşılamaq üçün elektrik şəbəkələrinin və müvafiq infrastrukturun genişləndirilməsinə yönəldir.

Bu proqnoz Çin Müəssisələrin İslahatı və İnkişafı Cəmiyyətinin hazırladığı Global Energy Transition Report 2026 hesabatında əksini tapıb. Dövlət televiziya kanalı CCTV sənəd barədə bazar günü məlumat yayıb.

Çində külək, günəş və digər bərpa olunan enerji mənbələri hesabına istehsalın sürətlə artması elektrik enerjisinin ötürülməsi və paylanması sistemlərinə əlavə tələbat yaradıb. Mövcud şəbəkələrin yeni generasiya güclərini qəbul etmək və istehsal olunan enerjini istehlakçılara çatdırmaq imkanlarının genişləndirilməsi əsas prioritetlərdən birinə çevrilib.

Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, Çinin elektrik şəbəkələrinə investisiyaları bu il təxminən 140 milyard dollara çatacaq. Bu tendensiya ölkənin diqqətini yalnız yeni elektrik enerjisi istehsalı güclərinin yaradılmasına deyil, həm də mövcud və yeni obyektlərin vahid enerji sisteminə inteqrasiyasına yönəltdiyini göstərir.

2025-ci ilin sonuna Çində bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücü 2,337 milyard kilovata yüksəlib. Bu, ölkənin bütün elektrik enerjisi generasiyası üzrə qoyuluş gücünün 60,1%-nə bərabərdir.

Qlobal miqyasda yeni istismara verilən bərpa olunan enerji güclərinin 63,6%-i də Çinin payına düşüb. Bu göstərici ölkənin dünya üzrə yaşıl enerji sektorunun genişlənməsində aparıcı mövqeyini təsdiqləyir.

Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı 3,99 trilyon kilovat-saat təşkil edib. Bu həcm Çinin ümumi elektrik enerjisi istehsalının 38,3%-nə bərabərdir. Hesabatda qeyd olunur ki, bərpa olunan enerji istehsalının artımı ölkədə elektrik enerjisi istehlakının ümumi artımını tam qarşılamaq üçün kifayət edib.

Yaşıl enerjinin genişlənməsi ölkənin elektrik təchizatında kömürün payının azalmasına da təsir göstərib. 2026-cı ilin birinci yarısında kömürlə işləyən elektrik stansiyalarının istehsalı ümumi elektrik enerjisi həcminin 49,7%-ni təşkil edib. Beləliklə, bu göstərici ilk dəfə 50%-lik həddən aşağı düşüb.

Hesabata əsasən, Çində energetika sektorundan qaynaqlanan karbon qazı emissiyaları 2025-ci ildə 0,5% azalıb. Bu dinamika ölkənin elektrik enerjisi istehsalında mənbələrin strukturunun dəyişməsi ilə əlaqələndirilir.

Çin bərpa olunan enerji avadanlıqlarının istehsalında da qlobal liderliyini qoruyur. Ölkə dünya üzrə külək energetikası avadanlıqlarının təxminən 70%-ni, fotoelektrik avadanlıqların isə 80%-ni istehsal edir.

Elektrik şəbəkələrinin inkişafına yönələn investisiyaların artması gələcəkdə elektrotexniki avadanlıqlara, elektrik enerjisinin ötürülməsi texnologiyalarına və enerji infrastrukturuna tələbatı dəstəkləyə bilər. Bərpa olunan enerji güclərinin genişlənməsi fonunda bu sahələr Çin energetika bazarının əsas investisiya istiqamətlərindən birinə çevrilir.

MONETAR.AZ