Neft bazarında qiymətlər yüksəlir

Neft bazarında qiymətlər

Dünya bazarında Brent markalı xam neftin qiyməti çərşənbə günü təxminən 1% artaraq bir barel üçün 93 dollara yaxınlaşıb. Qiymətlər son 10 həftənin minimumundan yüksələrək bərpa olunub.

Monetar.az xəbər verir ki,  ABŞ və İran arasında gərginliyin yüksək səviyyədə qalması neft bazarında qiymət artımını dəstəkləyib.

İranın təhlükəsizlik məsələləri üzrə rəhbəri Tehranın zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcəyini bildirib. Bu açıqlama münaqişənin sona çatdırılması ilə bağlı danışıqların qarşısında ciddi maneələrin qaldığını göstərir. Vaşinqton isə ilkin danışıqlarda nüvə məsələlərinin müzakirə olunmasını tələb edir.

ABŞ rəsmiləri yeni hərbi zərbələrin zəruriliyini aşağı qiymətləndirsələr də, İranın təhlükəsizlik rəsmilərindən biri tərəflər arasında hər hansı danışıqların aparıldığını təkzib edib.

Hörmüz boğazında gəmiçilik təhlükələrinin davam etməsi də neft qiymətlərinə təsir göstərir. Oktyabr ayında 37 gəminin hücuma məruz qalması müharibə başlayandan bəri aylıq ən yüksək göstərici olub. Bundan əlavə, Oman sahilləri yaxınlığında bir tankerə zərbə endirilib, İran İnqilab Keşikçiləri Korpusu isə iki digər tankerin dəniz minalarına toxunduqdan sonra alışdığını bildirib.

Digər tərəfdən, ABŞ Neft İnstitutunun (API) məlumatına görə, ölkədə kommersiya xam neft ehtiyatları ötən həftə 9 milyon barrel artıb. Bu artım bazarda təklifin genişlənməsi baxımından qiymətlərə əks istiqamətdə təsir göstərə biləcək amildir.