Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşaraq son 6 həftənin ən aşağı səviyyəsinə enib. Yaxın Şərqdə münaqişənin diplomatik yolla həll edilə biləcəyi ilə bağlı gözləntilər və regiondan neft tədarükünün bərpası qiymətlərə təzyiq göstərib.
Monetar.az xəbər verir ki, xam neftin bir barelinin qiyməti 89 dollardan aşağı düşüb. Bununla da bazar ertəsi qeydə alınan 4,4%-lik ucuzlaşma davam edib.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələrin zəruri olmaya biləcəyini bildirib. O, İranın hərbi imkanlarının faktiki olaraq məğlub edildiyini qeyd etsə də, Vaşinqtonun zərurət yaranacağı təqdirdə müdaxiləyə hazır olduğunu vurğulayıb.
Bununla yanaşı, ABŞ Konqresindəki demokratlar hökumətin maliyyələşdirilməsi ilə bağlı yaxınlaşan son tarixdən istifadə edərək administrasiyaya münaqişənin dayandırılması istiqamətində təzyiq göstərməyi nəzərdən keçirirlər.
Noyabr ayında neft bazarında qiymətlər əvvəlki yüksəliş istiqamətini dəyişib. Gərginliyin azalacağına dair ümidlər və Yaxın Şərqdən ixracın bərpası bu tendensiyanı gücləndirib.
Gəmiçiliyə qarşı hücumlar davam etsə də, Hörmüz boğazından keçən gəmilərin sayı artıb. Nəticədə Yaxın Şərqdən neft daşımaları münaqişədən əvvəlki səviyyələrə yaxınlaşıb. Səudiyyə Ərəbistanının Bahri gəmiçilik şirkəti də ABŞ hərbçiləri ilə koordinasiyalı şəkildə tankerlərini boğazdan keçirdiyini açıqlayıb.