2026-cı il üzrə dünyanın ən güclü pensiya sistemlərinin reytinqində Niderland birinci yeri tutub. İlk üçlükdə Danimarka və İslandiya da qərarlaşıb. Avropa ölkələri reytinqin ilk 40-lığında ən böyük paya sahibdir.
Monetar.az xəbər verir ki, Marsh CFA Institute Global Pension Index 2026 hesabatında 55 ölkənin pensiya sistemi qiymətləndirilib. Araşdırmada pensiya təminatının adekvatlığı, sistemin uzunmüddətli maliyyə dayanıqlılığı və idarəetmənin keyfiyyəti əsas meyarlar kimi götürülüb.
Qiymətləndirmədə pensiya təminatının adekvatlığı 40%, dayanıqlılıq 35%, idarəetmə və şəffaflıq isə 25% çəkiyə malik olub. Reytinq fərdi pensiya ödənişlərinin məbləğini deyil, ölkələrin pensiya sistemlərinin ümumi gücünü əks etdirir.
Niderland 100 mümkün baldan 85,8 xal toplayaraq birinci olub. Danimarka 84,1 xalla ikinci, İslandiya isə 84 xalla üçüncü yerdə qərarlaşıb. Bu üç ölkə ilə yanaşı, Sinqapur, İsrail və Avstraliya da ən yüksək A qiymətini alıb.
İlk 10-luqda Avropa ölkələrinin üstünlüyü diqqət çəkir. İsveç 78,8 xalla səkkizinci, Finlandiya 77,6 xalla doqquzuncu, Norveç isə 77 xalla onuncu olub. Beləliklə, ilk onluğun altı pilləsində Avropa ölkələri yer alıb.
Asiya və Okeaniya regionunda Sinqapur 82 xalla dünya üzrə dördüncü, İsrail 81,9 xalla beşinci, Avstraliya isə 80,6 xalla altıncı yeri tutub. Sinqapur pensiya sisteminin idarəetmə və şəffaflıq göstəricisi üzrə 90,4 xal toplayıb.
Amerika qitəsində ən yüksək nəticə Çiliyə məxsus olub. Ölkə 79,2 xalla dünya reytinqində yeddinci yerdə qərarlaşıb. Meksika 71,2 xalla 16-cı, Kanada isə 18-ci olub.
ABŞ 61,6 xalla 33-cü pillədə qərarlaşıb. Ölkənin pensiya sistemi C+ qiyməti alıb. Hesabatda ABŞ-ın nisbətən aşağı dayanıqlılıq və idarəetmə göstəriciləri ilə seçildiyi bildirilir.
Reytinqin sonuncu pilləsində Argentina 43,7 xalla 55-ci yerdə qərarlaşıb. Türkiyə isə 46,6 xalla 54-cü olub.