Azərbaycanda dövlət qulluğu, peşəkar mühasibatlıq, sərnişin və yükdaşıma, qiymətləndirmə və aqrar sığorta fəaliyyəti üzrə sertifikat və şəhadətnamələr artıq “mygov” platforması vasitəsilə elektron formada təqdim olunur.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2026-cı il tarixli 150 nömrəli Qərarına əsasən, bir sıra sənədlərin kağız daşıyıcıdan gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasına keçirilməsi nəzərdə tutulub.
Bu qaydada elektronlaşdırılan sənədlərə aşağıdakılar daxildir:
-
dövlət qulluğu sertifikatları;
-
peşəkar mühasib sertifikatları;
-
taksi, ölkədaxili sərnişin və yükdaşıma fəaliyyəti üzrə şəhadətnamələr;
-
qiymətləndirici şəhadətnamələri;
-
aqrar sığorta fəaliyyəti sertifikatları.
DİM-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə həyata keçirdiyi işlər nəticəsində qeyd olunan sənədlərin “mygov” platformasına inteqrasiyası tam başa çatdırılıb.
Yeni imkanlar vətəndaşlara qüvvədə olan sertifikat və şəhadətnamələri vahid platforma üzərindən əldə etməyə şərait yaradır. İstifadəçilər özlərinə aid sənədlərlə elektron kabinetlərində tanış ola, onları PDF formatında yükləyə və çap edə bilərlər.
Bundan başqa, PDF sənədlərdə yerləşdirilən QR kod vasitəsilə sertifikat və şəhadətnamələrin həqiqiliyini yoxlamaq mümkündür.
Qeyd edək ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, gücləndirilmiş elektron imza kağız sənəd üzərindəki və möhürlə təsdiqlənmiş əl imzasına bərabər tutulur.
Sertifikat və şəhadətnamələrin vahid rəqəmsal platformada “bir pəncərə” prinsipi ilə təqdim edilməsi elektron hökumət xidmətlərinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan addımlardan biridir.
Dövlət İmtahan Mərkəzi digər dövlət xidmətlərinin də “mygov” platformasına inteqrasiyası ilə bağlı işləri davam etdirir.