Azərbaycanlılar xaricə gəzməyə gedir, yoxsa iş dalınca?

Azərbaycanlılar xaricə gəzməyə gedir,

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının hamısı istirahət və alış-veriş üçün yola çıxmır. Bəziləri üçün bu səfərlər biznes əlaqələri qurmaq, ticarət danışıqları aparmaq və beynəlxalq əməkdaşlığı genişləndirmək imkanıdır. Rəsmi statistika isə işgüzar səfərlərlə bağlı maraqlı mənzərə ortaya qoyur: bəzi ölkələrə gedən azərbaycanlıların böyük əksəriyyətinin məqsədi məhz biznesdir.

Monetar.az rəsmi statistikaya istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında 188 min 203 Azərbaycan vətəndaşı xarici ölkələrə işgüzar məqsədlə səfər edib. Bu, turizm məqsədilə xaricə gedənlərin ümumi sayının 19,1 faizini təşkil edir.

Ən maraqlı göstəricilərdən biri Çinlə bağlıdır. Belə ki, 9 ay ərzində Çinə səfər edən 20 min 748 Azərbaycan vətəndaşının 17 min 187-si işgüzar məqsəd daşıyıb. Başqa sözlə, Çinə gedən hər 100 azərbaycanlıdan təxminən 83-ü biznes məqsədilə bu ölkəyə yollanıb. İstirahət məqsədilə gedənlərin sayı isə cəmi 3 min 84 nəfər olub.

Qətər də işgüzar səfərlərin üstünlük təşkil etdiyi istiqamətlərdəndir. Bu ölkəyə gedən 7 min 472 nəfərin 6 min 416-sı işgüzar məqsədlə səfər edib. Bu, ümumi sayın 85,9 faizidir.

Hindistan üzrə də oxşar mənzərə müşahidə olunur. Belə ki, bu ölkəyə səfər edən 4 min 874 nəfərin 3 min 281-i işgüzar məqsədlə gedib. Pakistanda isə göstərici daha yüksəkdir: 556 nəfərdən 502-si biznes məqsədilə səfər edib. Bu, 90,3 faiz deməkdir.

Say baxımından isə Rusiya və Türkiyə ön sıralardadır. Rusiyaya səfər edən 138 min 345 Azərbaycan vətəndaşının 39 min 114-ü, Türkiyəyə gedən 422 min 381 nəfərin isə 25 min 512-si işgüzar məqsədlə xaricdə olub.

Almaniyaya səfər edən 19 min 54 nəfərin 8 min 805-i, Böyük Britaniyaya gedən 10 min 532 nəfərin 5 min 876-sı, İtaliyaya səfər edən 20 min 902 nəfərin isə 5 min 415-i işgüzar məqsəd daşıyıb.

Maraqlı müqayisə Gürcüstanla bağlıdır. Bu ölkəyə gedən 118 min 880 nəfərin yalnız 9 min 798-i işgüzar məqsədlə səfər edib. Əksinə, 58 min 196 nəfər istirahət və əyləncəni seçib, 44 min 797 nəfər isə qohum və dostlarına baş çəkib.

Beləliklə, Çin, Qətər, Pakistan və Hindistan Azərbaycan vətəndaşlarının işgüzar səfərlərində xüsusi paya malikdir. Rəqəmlər göstərir ki, bəzi istiqamətlərdə xarici səfərlərin əsas motivi istirahət deyil, biznes və iqtisadi əlaqələrdir.