Asiya valyutaları bu gün əvvəlki sessiyada qeydə alınan enişdən sonra qismən sabitləşib. ABŞ dolları isə gözləniləndən yüksək inflyasiya göstəriciləri və Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin faiz artımını dəstəkləyən açıqlamaları fonunda iki həftəlik maksimuma yaxın səviyyədə qalıb.
Bakı vaxtı ilə saat 07:25-ə olan məlumata görə, dollar indeksi çərşənbə axşamı 0,6% yüksəldikdən sonra ciddi dəyişiklik göstərməyərək 102,22 bənd səviyyəsində qərarlaşıb.
Regionun valyuta bazarlarında isə fərqli dinamika müşahidə olunub. Neft qiymətlərinin ucuzlaşması enerji daşıyıcılarının əsas idxalçıları üçün müəyyən müsbət şərait yaratsa da, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və dolların möhkəmlənməsi Asiya valyutalarının bahalaşmasını məhdudlaşdıran amillər kimi çıxış edib.
Brent markalı neftin qiyməti çərşənbə axşamı Yaxın Şərqdə münaqişənin həlli istiqamətində diplomatik səylərin davam etməsi fonunda qısa müddətə bir barel üçün 90 dollardan aşağı düşüb. Bu, avqust ayından bəri qeydə alınan ən aşağı səviyyədir. Neftin ucuzlaşması Hindistan kimi iri enerji idxalçıları üçün ticarət şərtlərini yaxşılaşdıra, idxal xərclərini azaltmaqla milli valyutalara təzyiqi zəiflədə bilər.
Valyuta cütlüklərinin dinamikasına gəlincə, ABŞ dollarının yapon yeninə qarşı məzənnəsini əks etdirən USD/JPY cütlüyü günün əvvəlində 158,95 yenə yüksələrək sentyabrın sonundan bəri ən yüksək həddə çatıb. Daha sonra göstərici 0,1% artım nümayiş etdirib. Xatırladaq ki, cütlük ABŞ-da inflyasiyanın yüksək olması ilə bağlı məlumatların açıqlanmasından sonra çərşənbə axşamı 0,5% bahalaşmışdı.
Avstraliya dolları da əvvəlki sessiyadakı kəskin enişdən sonra müəyyən qədər mövqeyini bərpa edib. AUD/USD cütlüyü çərşənbə axşamı təxminən 1% ucuzlaşaraq son yeddi ayın minimumuna düşdükdən sonra çərşənbə günü 0,2% yüksəlib.
Digər Asiya valyutalarında da fərqli dəyişikliklər qeydə alınıb. Cənubi Koreya vonunun dollar qarşısında məzənnəsini göstərən USD/KRW cütlüyü 0,4% azalıb. Çin yuanı üzrə USD/CNY cütlüyü isə 0,1% artıb.
Sinqapur dollarını əks etdirən USD/SGD cütlüyündə dəyişiklik olmayıb. Hindistan rupisi üzrə USD/INR cütlüyü isə 0,2% geriləyib.
MONETAR.AZ