ABŞ-da benzinin orta qiyməti iyul ayından bəri ilk dəfə bir qallon üçün 4 dollardan aşağı enib. Ucuzlaşmaya xam neftin qiymətinin geriləməsi və mövsümi tələbin azalması təsir göstərib.
Monetar.az xəbər verir ki, ABŞ-da benzinin orta qiyməti bir qallon üçün 3,98 dollara düşüb.
Son bir həftədə yanacağın qiyməti 4,1%, son bir ayda isə 8,9% azalıb. Bununla belə, benzin ötən ilin eyni dövrü ilə müqayisədə 29,6% baha olaraq qalır.
Qiymətlərin aşağı düşməsində xam neftin ucuzlaşması ilə yanaşı, mövsümi tələbin zəifləməsi də rol oynayıb. Brent markalı neftin yanvar fyuçersləri isə ABŞ ilə İran arasında gərginliyin azala biləcəyi gözləntiləri fonunda qısa müddətə bir barel üçün 90 dollardan aşağı enib.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hazırkı mərhələdə yeni hərbi əməliyyata ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, tərəflər arasında münaqişənin başa çatmasına doğru irəliləyiş müşahidə olunur. Bu açıqlamalar Yaxın Şərqdən neft tədarükü ilə bağlı narahatlıqları qismən azaldaraq dünya bazarında qiymətlərə təzyiq göstərib.
ABŞ-da oktyabr ayında enerji qiymətlərinin artım tempi də zəifləyib. Əmək Nazirliyinin məlumatına görə, enerji qiymətləri sentyabrda 5,2% artdığı halda, oktyabrda artım 0,7% təşkil edib. Benzin qiymətləri indeksi də sentyabrdakı 9,1%-lik artımdan sonra oktyabrda 1% yüksəlib.