11 noyabr Beynəlxalq Enerjiyə Qənaət Günüdür

11 noyabr Beynəlxalq

Enerji ehtiyatlarından səmərəli istifadə və elektrik enerjisinə qənaət ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hər il noyabrın 11-də Beynəlxalq Enerjiyə Qənaət Günü qeyd olunur.

Monetar.az xəbər verir ki, bu günün təsis edilməsi təşəbbüsü 2008-ci ilin aprel ayında Qazaxıstanda keçirilən SPARE əlaqələndiricilərinin beynəlxalq müşavirəsində irəli sürülüb. Təşəbbüs “Resurslar və enerjinin istifadəsi üzrə məktəb layihəsi” (SPARE) beynəlxalq ekoloji şəbəkəsinə məxsusdur. Həmin ilin noyabrında ilk dəfə qeyd olunan gün 20 ölkənin iştirakı ilə beynəlxalq status qazanıb.

Beynəlxalq Enerjiyə Qənaət Gününün əsas məqsədi enerji istehlakının ətraf mühitə təsirinə diqqət çəkmək və təbii ehtiyatlardan daha səmərəli istifadəni təşviq etməkdir. Elektrik enerjisi, qaz və su istehsalı üçün istifadə olunan təbii resursların qorunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Enerjiyə qənaət gündəlik həyatda istehlakın azaldılması, enerji səmərəliliyinin artırılması və karbon izinin kiçildilməsi ilə birbaşa bağlıdır. İşıqların və elektrik cihazlarının ehtiyac olmadıqda söndürülməsi, enerjiyə qənaət edən avadanlıqlardan istifadə bu istiqamətdə atıla biləcək sadə addımlardandır.