Qazaxıstan “Drujba” neft kəməri vasitəsilə Almaniyaya neft tranzitinin bərpasına ümid edir. Lakin ölkənin energetika naziri Yerlan Akkenjenovun sözlərinə görə, bu məsələ ilə bağlı Rusiyaya göndərilən müraciətlərə hələ cavab verilməyib.
Nazir noyabrın 10-da hökumətdə keçirilən brifinqdə bildirib ki, sözügedən marşrut Qazaxıstan üçün kommersiya baxımından cəlbedicidir və onun yenidən istifadəyə verilməsi arzuolunandır.
Akkenjenovun sözlərinə görə, bu istiqamət “Atırau–Samara” boru kəmərinin texniki istismar tələblərinə də uyğundur. Belə ki, qış aylarında Qazaxıstandan Rusiyaya qədər olan hissədə qızdırıcı sobalar mövcud deyil.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin mayından etibarən tranzit tərəfdəki infrastrukturla bağlı texniki məhdudiyyətlər səbəbindən Qazaxıstan neftinin “Drujba” kəməri ilə Almaniyanın Şvedt şəhərində yerləşən neft emalı zavoduna nəqli dayandırılıb.
Yanvar-aprel aylarında Qazaxıstan bu marşrutla 1,02 milyon ton neft göndərib. Halbuki illik ixrac planı təxminən 3 milyon ton təşkil edirdi. Müqayisə üçün, 2025-ci ildə həmin dövr üzrə göstərici 2,1 milyon ton olub.
Rusiya baş nazirinin müavini Aleksandr Novak aprelin 22-də tranzitin dayandırılmasını texniki imkanlarla əlaqələndirib. Akkenjenov isə daha əvvəl bu vəziyyətin Rusiya infrastrukturuna dəyən zərərlə bağlı olduğunu bildirmişdi.
Noyabrın 4-də Akkenjenov Rusiya tərəfinə şəxsən rəsmi müraciət təqdim etdiyini açıqlayıb. Ertəsi gün isə Qazaxıstan Energetika Nazirliyi Rusiyanın müvafiq qurumuna məktub göndərərək həm “Drujba” kəməri ilə tranzitin, həm də Ust-Luqa limanı vasitəsilə neft yükləmələrinin bərpasını xahiş edib.
Nazirlik bildirib ki, noyabr və dekabr aylarında Qazaxıstan neftinin Almaniyaya ixracı nəzərdə tutulmur. Tədarüklərin bərpası məsələsinə texniki məhdudiyyətlər aradan qaldırıldıqdan və lazımi nəql şəraiti təmin edildikdən sonra baxılacaq.
Tranzitin dayanması fonunda Qazaxıstan alternativ ixrac istiqamətlərindən istifadə etməyi planlaşdırıb. May ayında 260 min ton neftin başqa marşrutlara yönəldilməsi nəzərdə tutulub. Bunun 160 min tonunun Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) sisteminə, 100 min tonunun isə Ust-Luqa limanına göndərilməsi planlaşdırılıb.
Hazırda Qazaxıstan neftinin Rumıniya, İtaliya, Niderland, Fransa və İspaniyaya tədarükü KTK vasitəsilə davam edir.
Noyabrın 6-da “KazMunayQaz”ın idarə heyətinin sədri Asxat Xasenov Moskvada “Transneft”in prezidenti Nikolay Tokarevlə görüşüb.
“KazMunayQaz”ın mətbuat xidmətinin açıqlamasına əsasən, görüşdə tərəflər Qazaxıstan və Rusiyanın tranzit imkanlarının gücləndirilməsi istiqamətində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Bununla belə, açıqlamada “Drujba” kəməri ilə bağlı konkret məsələyə toxunulmayıb.
Maliyyə Universiteti və Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkov isə hesab edir ki, Qazaxıstan neftinin bu marşrutla tranzitinin bərpası Rusiyaya ciddi iqtisadi fayda gətirməyəcək. Onun qiymətləndirməsinə görə, əsas müsbət təsir Almaniyadakı təchizat vəziyyətinin yaxşılaşması və Avropada yanacaq qiymətlərinə mümkün təsirlə bağlı ola bilər.
MONETAR.AZ