Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə strateji saziş imzalanıb. Razılaşma Azərbaycanın bərpa olunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ötürülməsi üçün regional infrastrukturun gücləndirilməsini nəzərdə tutur.
Monetar.az xəbər verir ki, sənəd noyabrın 10-da Antalyada keçirilən COP31 çərçivəsində imzalanıb.
Sazişi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və Bolqarıstanın energetika naziri İva Petrova imzalayıblar.
Razılaşma çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizinin inkişafı, elektrik enerjisinin ötürülməsi və təchizatı üzrə əməkdaşlıq, regional enerji bağlantılarının gücləndirilməsi nəzərdə tutulur. Sənəd, həmçinin elektrik enerjisinin təhlükəsiz və fasiləsiz ötürülməsi üçün zəruri şərtlərin yaradılmasını və fiber-optik rabitə infrastrukturunun təkmilləşdirilməsini əhatə edir.
Layihənin reallaşdırılması Azərbaycanın bərpa olunan enerji potensialından daha geniş istifadə etməsinə və elektrik enerjisi ixracının yeni bazarlara yönəldilməsinə imkan yarada bilər. Bununla yanaşı, Türkiyə və Gürcüstan vasitəsilə Avropa enerji bazarlarına çıxış üçün alternativ ötürmə marşrutlarının formalaşdırılması nəzərdə tutulur.
Beləliklə, təşəbbüs Azərbaycanın yalnız ənənəvi enerji resursları deyil, həm də yaşıl elektrik enerjisi üzrə regional təchizatçı mövqeyini gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər.