Azərbaycanlılar xarici səfərlərdə hər gün 5,5 milyon manat xərcləyir

Azərbaycanlılar xarici səfərlərdə hər gün

Azərbaycan vətəndaşlarının xarici ölkələrə turizm məqsədilə səfərləri zamanı çəkdiyi xərclər 2026-cı ilin ilk 9 ayında 1 milyard 513 milyon manatı ötüb. Bu isə təqvim günləri üzrə hesablandıqda gündəlik orta hesabla 5,5 milyon manat deməkdir.

Monetar.az xəbər verir ki, yanvar-sentyabr aylarında xarici səfərlər zamanı nəqliyyat xərcləri 575,5 milyon manat təşkil edib. Bu, gündəlik orta hesabla 2,1 milyon manatdır.

Qidalanma xərcləri 312,4 milyon manat olub. Başqa sözlə, Azərbaycan vətəndaşları xaricdə yemək və qida xidmətlərinə hər gün orta hesabla 1,14 milyon manat sərf ediblər.

Yerləşmə və hotel xidmətlərinə çəkilən xərclər isə 285,3 milyon manata çatıb. Bu istiqamət üzrə gündəlik orta xərc təxminən 1,05 milyon manat təşkil edib.

Beləliklə, nəqliyyat, qidalanma və yerləşmə xidmətlərinə hər gün ümumilikdə 4,3 milyon manat xərclənib. Qalan təxminən 1,25 milyon manat isə alış-veriş, hədiyyələr və digər istiqamətlərə yönəldilib.