Çinin avtomobil istehsalçısı BYD-nin Yangwang U9 Xtreme elektrik hiperkarı Əbu-Dabidə keçirilən sınaqlar zamanı saatda 503,17 kilometr sürətə çataraq seriya istehsalı olan avtomobillər arasında yeni dünya rekorduna imza atıb.
312,66 mil/saat sürətə bərabər olan bu nəticə 500 km/saat həddinin aşılması ilə də diqqət çəkib. Rekord göstəricisi həm Ginnesin Rekordlar Kitabı, həm də Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Sınaq Əbu-Dabinin Əl-Dəfra bölgəsində, E11 şossesinin avtomobillərin hərəkəti üçün bağlanmış hissəsində baş tutub. Hiperkarı peşəkar pilot Mark Bassenq idarə edib. Yeni nəticə modelin əvvəlki rekordunu 6,95 km/saat üstələyib.
Yangwang U9 Xtreme bundan əvvəl də yüksək sürət göstəricisi ilə diqqət mərkəzinə düşmüşdü. Avtomobil 2025-ci ilin sentyabrında Almaniyadakı ATP Papenburg sınaq poliqonunda 496,22 km/saat sürətə çatmışdı.
Modelin digər mühüm nailiyyəti isə Nürburqrinq-Nordşlyayfe trasında qeydə alınıb. Hiperkar 20 kilometrdən uzun olan məşhur trası 6 dəqiqə 59,157 saniyəyə qət edərək 7 dəqiqəlik həddi aşan ilk seriya istehsalı elektromobil olub.
Bununla belə, yeni rekord cəhdindən qısa müddət əvvəl Çində keçirilən yüksəksürətli sınaqlar zamanı Yangwang U9 Xtreme-in başqa bir nüsxəsi qəzaya uğrayıb. Yerli medianın məlumatına görə, avtomobil yüksək sürətlə baryerə çırpılıb və zərbənin təsirindən arxa ox kuzovdan ayrılıb. Sürücünün ciddi xəsarət almadığı bildirilsə də, BYD hadisənin səbəbləri ilə bağlı açıqlama verməyib. Şirkət insidentin Birləşmiş Ərəb Əmirliklərindəki sınaq proqramına mümkün təsiri barədə də məlumat paylaşmayıb.
Yangwang U9 Xtreme dörd elektrik mühərriki ilə təchiz olunub. Güc aqreqatının ümumi pik gücü 3 019 at gücünə, yaxud 2 220 kilovata çatır. Bu göstərici standart Yangwang U9 modelinin 1 306 at gücündə olan mühərrik sistemindən iki dəfədən çox yüksəkdir.
BYD yeni hiperkarın istehsalını məhdud sayda həyata keçirməyi planlaşdırır. Belə ki, Yangwang U9 Xtreme modelindən dünya üzrə cəmi 30 ədəd istehsal olunacaq.

MONETAR.AZ