Azərbaycanda payızlıq və yazlıq buğda əkinlərinin ümumi sahəsi 2025-ci ildə 484 min 19,3 hektar təşkil edib. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 62 min 326,8 hektar və ya təxminən 11,4% azdır.
Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən xəbər verir ki, ölkə üzrə buğda əkin sahəsi 2022-ci ildə 547 min 185 hektar, 2023-cü ildə 542 min 820,2 hektar, 2024-cü ildə isə 546 min 346,1 hektar olub. Beləliklə, 2025-ci ildə son dörd ilin ən aşağı göstəricisi qeydə alınıb.
2025-ci ildə iqtisadi rayonlar üzrə ən böyük buğda əkin sahəsi Qarabağ iqtisadi rayonunda qeydə alınıb. Burada 89 min 476,5 hektar sahədə buğda əkilib. Lənkəran-Astara iqtisadi rayonunda göstərici 66 min 679,5 hektar, Dağlıq Şirvanda 57 min 126,2 hektar, Şəki-Zaqatalada 56 min 754,1 hektar olub.
Digər iqtisadi rayonlarda əkin sahələri belə bölünüb:
-
Quba-Xaçmaz – 41 min 427,6 hektar;
-
Mil-Muğan – 35 min 221,7 hektar;
-
Mərkəzi Aran – 31 min 88,7 hektar;
-
Şirvan-Salyan – 28 min 960,9 hektar;
-
Qazax-Tovuz – 28 min 856,8 hektar;
-
Şərqi Zəngəzur – 25 min 221,2 hektar;
-
Gəncə-Daşkəsən – 13 min 810,1 hektar;
-
Naxçıvan – 8 min 275,8 hektar;
-
Abşeron-Xızı – 1 min 120,2 hektar.
Rayonlar üzrə ən böyük əkin sahəsi Cəlilabad rayonunda qeydə alınıb. Burada 52 min 900 hektar sahədə buğda əkilib. Füzuli rayonunda bu göstərici 25 min 214,1 hektar, Ağcabədidə 20 min 973,7 hektar, İsmayıllıda 20 min 120 hektar təşkil edib.
Qeyd edək ki, təqdim olunan məlumatlar payızlıq və yazlıq buğdanın ümumi əkin sahələrini əhatə edir.
