Adambaşına düşən kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Adambaşına düşən kənd təsərrüfatı məhsullarının

Azərbaycanda 2025-ci ildə adambaşına düşən kənd təsərrüfatı məhsullarının istehsalı üzrə bir sıra göstəricilər əvvəlki illə müqayisədə yüksəlib. Ən nəzərəçarpan artım meyvə və giləmeyvə, taxıl və paxlalı bitkilər, eləcə də şəkər çuğunduru istehsalında qeydə alınıb.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən xəbər verir ki, 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun adambaşına düşən dəyəri 1 385 manat təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 1 274 manat, 2020-ci ildə isə 845 manat olub.

Ərzaq məhsulları üzrə göstəricilərə gəlincə, ötən il adambaşına düşən ət istehsalı 38 kiloqram səviyyəsində qalıb. Süd istehsalı 225 kiloqram, yumurta istehsalı 229 ədəd, balıq istehsalı isə 6,6 kiloqram təşkil edib. 2024-cü illə müqayisədə yumurta istehsalı 3 ədəd artıb, digər sadalanan məhsullar üzrə göstəricilər dəyişməyib.

2025-ci ildə adambaşına düşən taxıl və paxlalı bitkilərin təmiz çəkidə istehsalı 322 kiloqram olub. Bu, 2024-cü ilin 314 kiloqramlıq göstəricisindən 8 kiloqram çoxdur.

Kartof istehsalı isə azalıb. Belə ki, adambaşına düşən kartof istehsalı 2024-cü ildəki 91 kiloqramdan 2025-ci ildə 90 kiloqrama enib. Tərəvəz istehsalı 180 kiloqramdan 173 kiloqrama, bostan bitkilərinin istehsalı isə 48 kiloqramdan 45 kiloqrama düşüb.

Meyvə və giləmeyvə istehsalında artım qeydə alınıb. Bu göstərici 2024-cü ildə 129 kiloqram olduğu halda, ötən il 136 kiloqrama yüksəlib. Sənaye emalı üçün nəzərdə tutulan şəkər çuğundurunun adambaşına düşən istehsalı da 24 kiloqramdan 30 kiloqrama çatıb.

Ümumilikdə, 2003-cü illə müqayisədə 2025-ci ildə adambaşına düşən kənd təsərrüfatı məhsulunun dəyəri 177 manatdan 1 385 manata yüksəlib. Həmin dövrdə ət istehsalı 23 kiloqramdan 38 kiloqrama, süd istehsalı 143 kiloqramdan 225 kiloqrama, yumurta istehsalı isə 83 ədəddən 229 ədədə çatıb.