Onlayn təhsil alanların təxminən 60 faizi kibertəhlükələrlə üzləşib

Onlayn təhsil alanların təxminən

Onlayn təhsilin geniş yayılması kiberdələduzlar üçün də yeni imkanlar yaradıb. Dünyada məsafədən və ya hibrid formada təhsil alanların təxminən 60%-i son bir ildə ən azı bir dəfə kibertəhlükəsizlik insidenti ilə qarşılaşıb.

Kaspersky-nin qlobal sorğusunun nəticələrinə görə, ötən il dünya üzrə istifadəçilərin 62%-i bu və ya digər formada təhsil alıb. Onların 45%-i tamamilə onlayn, 40%-i isə hibrid təhsil formatına üstünlük verib.

Araşdırma göstərib ki, istifadəçilərin ən çox qarşılaşdığı təhlükələr şübhəli mesajlar və keçidlərdir. Respondentlərin 27%-i belə hallarla üzləşdiyini bildirib. Saxta tətbiq və internet saytları ilə qarşılaşanların payı 20%, messencer qrupları və onlayn icmalardakı dələduzluq halları ilə rastlaşanların payı isə 18% olub.

Bundan başqa, respondentlərin 17%-i saxta kurs və təhsil xidmətləri, 16%-i zərərli proqramlar və şəxsi məlumatların sızması, 14%-i etibarsız sertifikatlar, 10%-i isə hesabların sındırılması ilə üzləşib.

Onlayn təhsil adı ilə dələduzluq halları artır

Kaspersky mütəxəssisləri təhsil xidmətlərini reklam edən saxta e-poçt kampaniyaları da aşkarlayıblar. Bu mesajların bir qismində valideynlər uşaqlarını onlayn təhsilə keçirməyə çağırılır, digərlərində isə istifadəçilərə işləməklə yanaşı təhsil almaq imkanı təklif olunur.

Bəzi elektron məktublarda təhsil məqsədilə kredit təklifləri də yer alıb. Lakin bu mesajlardakı keçidlər istifadəçiləri üçüncü tərəf saytlarına yönləndirib.

Belə hallarla qarşılaşanların 47%-i vaxt itirdiyini, 42%-i istənməyən reklamlarla üzləşdiyini bildirib. Respondentlərin 34%-i təhsil platformalarına inamını itirdiyini, 25%-i isə maliyyə itkisinə məruz qaldığını qeyd edib.

Araşdırmaya görə, bu cür təhlükələrlə daha çox Z nəsli (65%) və milleniallar (64%) qarşılaşıb. X nəslində bu göstərici 39%, bumerlər arasında isə 26% təşkil edib.

Onlayn təhsildə hansı cihazlardan istifadə olunur?

Sorğu iştirakçılarının 71%-i təhsil məqsədilə Windows əməliyyat sistemli kompüterlərdən istifadə etdiyini bildirib.

Kaspersky qeyd edir ki, onlayn təhsil zamanı istifadə olunan cihazların təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. İstifadəçilər yalnız təhsil platformalarında deyil, internetdə məlumat axtararkən, messencerlərdə ünsiyyət qurarkən və onlayn ödənişlər edərkən də kibertəhlükələrlə qarşılaşa bilərlər.

Kaspersky-nin İstehlakçı biznesinin inkişafı üzrə rəhbəri Marina Titovanın sözlərinə görə, mövcud olmayan kurslara görə ödəniş etmək, fişinq keçidləri vasitəsilə hesabların ələ keçirilməsi və təhsil materiallarının zərərli proqramlar səbəbindən itirilməsi real təhlükələr sırasındadır.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov da istifadəçiləri təhsil platformalarını seçərkən diqqətli olmağa çağırıb. O bildirib ki, kurslara ödəniş etməzdən əvvəl xidmətin etibarlılığını yoxlamaq, şübhəli keçidlərdən uzaq durmaq və şəxsi məlumatları təsdiqlənməmiş platformalarla paylaşmamaq vacibdir.

Kibertəhlükələrdən qorunmaq üçün nə etmək lazımdır?

Kaspersky onlayn təhsil alan istifadəçilərə bir sıra tövsiyələr verib:

  • Hər bir təhsil platforması üçün fərqli və mürəkkəb şifrələrdən istifadə etmək;
  • Mümkün olduqda çoxfaktorlu autentifikasiyanı aktivləşdirmək;
  • Etibarlı antivirus və təhlükəsizlik proqramları quraşdırmaq;
  • İctimai Wi-Fi şəbəkələrində məxfi məlumatları paylaşmaqdan çəkinmək;
  • Təhsil materiallarının ehtiyat nüsxələrini təhlükəsiz yerdə saxlamaq.

Qeyd edək ki, araşdırma 2026-cı ilin avqust ayında Kaspersky-nin daxili tədqiqat mərkəzi tərəfindən aparılıb. Sorğuda 18 ölkədən 18-65 yaş arası, son 12 ay ərzində onlayn və ya hibrid təhsil proqramlarında iştirak etmiş 1 864 nəfər iştirak edib.