“Biletim.az” portalı vasitəsilə onlayn qaydada satılan biletlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2026-cı ilin yanvar-oktyabr aylarında portal üzərindən ümumilikdə 1 milyon 34 min 341 bilet əldə edilib. Hesabat dövründə onlayn satışın ümumi bilet satışında payı 42 faizə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 28 faiz təşkil edib.
Sərnişinlərin səfərlərini əvvəlcədən planlaşdıraraq bilet əldə etməyə marağı da artıb. Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında qabaqcadan satılan biletlərin ümumi satışda xüsusi çəkisi 36,5 faiz olduğu halda, bu ilin müvafiq dövründə 48 faizə yüksəlib.
Qeydə alınan dinamika sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını, eləcə də səfərlərin planlaşdırılmasında onlayn bilet alışına üstünlük verildiyini göstərir.