İran Hörmüz boğazından 4 ölkənin gəmilərinə sərbəst keçid imkanı yaradıb

İran Hörmüz boğazından 4 ölkənin gəmilərinə

İran Hindistan, Çin, İraq və Qətərə məxsus gəmiləri Hörmüz boğazında tətbiq olunan keçid məhdudiyyətlərindən azad edib. Bununla belə, bu ölkələrin hamısına eyni şərtlər tətbiq edilmir.

Monetar.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Əmir Həyat Müqəddəm açıqlama verib.

Onun sözlərinə görə, adıçəkilən ölkələrin gəmiləri boğazdan sərbəst keçə bilir və ABŞ tərəfi də bu gəmilərə müdaxilə etmir.

İranlı rəsmi bildirib ki, Hindistan gəmilərinə keçid imkanı yaradılmasının əsas səbəblərindən biri ölkəyə dərman idxalının təmin edilməsidir. Çin gəmilərinə tətbiq edilən güzəşt isə Pekinin siyasi dəstəyini qazanmaq məqsədi daşıyır.

Bununla yanaşı, Hindistan və Çinə məxsus gəmilərdən Hörmüz boğazından keçid üçün ödəniş alınır. Qətər gəmiləri isə bu ödənişdən azad edilib.

İran rəsmisi güzəştlərin qarşılıqlı maraqlar əsasında tətbiq edildiyini vurğulayıb.