“Ekol” 12 nəqliyyat vasitəsini təkrar hərraca çıxarır 

 “Ekol” 12 nəqliyyat vasitəsini

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin balansında olan 12 nəqliyyat və xüsusi texnika vasitəsi bu gün təkrar hərraca çıxarılacaq. Avtomobillərin start qiymətləri 3 500 manatdan 9 000 manatadək dəyişir.

Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərraca çıxarılan nəqliyyat vasitələri arasında GMC Terrain, Chevrolet Colorado, Chevrolet Cruze və Isuzu D-Max markalı avtomobillər var. Siyahıda, həmçinin TVEX EK-12 və DT-75D markalı xüsusi texnika vasitələri yer alıb.

Ən yüksək start qiyməti 9 000 manat olmaqla 2011-ci il buraxılışlı Chevrolet Cruze avtomobilinə təyin edilib. Ən aşağı qiymət isə 2006-cı il buraxılışlı DT-75D xüsusi texnikası üçün müəyyənləşdirilib - 3 500 manat.

Qeyd edək ki, ilk 9 nəqliyyat vasitəsi üçüncü dəfə 25 faiz, son 3 nəqliyyat və xüsusi texnika vasitəsi isə beşinci dəfə 50 faiz endirimlə təkrar hərraca çıxarılır.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanının 2-ci mərtəbəsində keçiriləcək.