İnkişaf etməkdə olan ölkələrin borcu bir ildə 490 milyard dollar artıb

İnkişaf etməkdə olan ölkələrin borcu bir ildə

İnkişaf etməkdə olan ölkələrin xarici borcu 2025-ci ildə 5,5% artaraq rekord həddə - 9,4 trilyon dollara yüksəlib. Borcun artım tempi 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Yüksək faiz dərəcələri isə xüsusilə yoxsul ölkələrin iqtisadi inkişaf üçün ayırdığı vəsaitləri məhdudlaşdırır.

Monetar.az xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdiyi 2026-cı il Beynəlxalq Borc Hesabatında bildirilib.

Hesabata görə, 2022-2024-cü illərdə xarici borcun orta artım tempi ilə müqayisədə 2025-ci ildəki artım təxminən 4 dəfə yüksək olub. Borclanmanın əsas hissəsi özəl kreditorlardan cəlb edilən vəsaitlər hesabına formalaşıb.

Xüsusilə borc yükü yüksək olan ölkələrdə vəziyyət daha mürəkkəbdir. Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasından (IDA) güzəştli maliyyələşmə almaq hüququ olan ölkələrin xarici borcu 8,1% artaraq 1,3 trilyon dollara çatıb.

Bu ölkələr 2025-ci ildə özəl kreditorlardan aldıqları yeni kreditlər üzrə orta hesabla 8,2% faiz ödəyiblər. Bu, 1989-cu ildən bəri ən yüksək göstəricidir. Yeni buraxılan istiqrazlar üzrə orta faiz dərəcəsi isə 9,4% təşkil edib.

Hesabatda diqqət çəkən digər məqam borclara xidmət xərclərinin artmasıdır. Aşağı və orta gəlirli ölkələrin əsas borc və faiz ödənişləri 2025-ci ildə 1,9% artaraq 1,4 trilyon dollara yüksəlib. Bu göstərici ardıcıl beşinci ildir artır.

Bundan başqa, inkişaf etməkdə olan ölkələr 2022-2025-ci illərdə yeni maliyyələşmə yolu ilə əldə etdikləri vəsaitdən 436 milyard dollar çox borc ödənişi həyata keçiriblər.

Dünya Bankının məlumatına görə, 2025-ci ildə uzunmüddətli borc axınlarında da dəyişiklik baş verib. 2024-cü ildə 118 milyard dollar xalis vəsait çıxışı qeydə alındığı halda, ötən il 45 milyard dollar xalis vəsait daxil olub.

Dünya Bankı rəsmiləri hesab edirlər ki, özəl maliyyələşməyə çıxışın bərpası müsbət hal olsa da, yüksək faizlərlə borclanma ölkələrin uzunmüddətli inkişaf imkanlarını zəiflədir. Artan borc ödənişləri təhsil, səhiyyə və digər əsas inkişaf sahələrinə yönəldilə biləcək maliyyə resurslarını azaldır.