Azərbaycanda məqsədli büdcə fondlarının ləğv edilməsi və bu fondların vəsaitlərinin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi planlaşdırılır. Müvafiq dəyişikliklərin dövlət maliyyəsinin idarə edilməsində vahid yanaşmanın tətbiqinə və büdcə vəsaitlərinə nəzarətin gücləndirilməsinə xidmət edəcəyi bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi Aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məlumat verib.
Onun sözlərinə görə, məqsədli büdcə fondlarının fəaliyyəti üzrə mövcud təcrübənin təhlili bəzi problemləri üzə çıxarıb. Belə ki, ayrı-ayrı fondların vəsaitlərinin dövlət büdcəsi ilə paralel idarə olunması fiskal planlaşdırma, resursların bölgüsü, xəzinə icrası, hesabatlılıq və maliyyə nəzarəti sahələrində əlavə çətinliklər yaradır.
Asif Qasımov xüsusilə infrastruktur və investisiya layihələrinin maliyyələşdirilməsinə yönələn bəzi fondların ümumi büdcə çərçivəsindən kənarda idarə olunmasının dövlət maliyyəsinin vahidlik və tamlıq prinsiplərinin tətbiqini məhdudlaşdırdığını vurğulayıb. Bu yanaşma büdcə resurslarının prioritetlər üzrə sistemli bölüşdürülməsini çətinləşdirir və vəsaitlərin istifadəsinə nəzarət imkanlarını zəiflədir.
Nazirlik rəsmisi qeyd edib ki, dövlət başçısının iki ay əvvəl imzaladığı müvafiq fərmanda məqsədli büdcə fondlarının ləğv edilməsi tapşırılıb.
Asif Qasımovun bildirdiyinə görə, qanun layihəsinin qəbul edilməsi məqsədli fondların vəsaitlərinin idarə edilməsində daha səmərəli maliyyə modelinin tətbiqinə imkan verəcək. Yeni yanaşma fondların iqtisadi mahiyyətinə və funksional təyinatına uyğun idarəetmə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.
Dəyişikliklər nəticəsində dövlət büdcəsi ilə birbaşa əlaqəli maliyyə axınlarının büdcədə cəmləşdirilməsi hesabına fiskal planlaşdırmanın keyfiyyətinin artırılması, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi gözlənilir.
Bununla yanaşı, büdcə və büdcədənkənar vəsaitlər arasında funksional bölgünün daha dəqiq müəyyənləşdirilməsi də əsas hədəflər sırasındadır.