Azərbaycanda kənd təsərrüfatı sektoruna tətbiq olunan vergi güzəştlərinin mexanizminin dəyişdirilməsi təklif olunur. Yeni yanaşmaya əsasən, aqrar sahədə mövcud olan 100 faizlik vergi azadolması 2027-ci il yanvarın 1-dən etibarən 90 faizlik güzəştlə əvəz ediləcək. Yeni mexanizm beş il müddətində qüvvədə olacaq.
Bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Meşə Məcəlləsinə və digər qanunlara təklif olunan dəyişiklikləri təqdim edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatının inkişafını dəstəkləmək məqsədilə uzun illərdir geniş vergi güzəştləri tətbiq edilir. Bu güzəştlərin sektora təsiri, əldə olunan nəticələr və iqtisadi səmərəliliyi Dövlət Vergi Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi təhlil olunur.
Orxan Nəzərli qeyd edib ki, aparılan qiymətləndirmələr və aqrar sektorun hazırkı inkişaf səviyyəsi kənd təsərrüfatında vergitutmaya yeni yanaşmanın tətbiqi üçün imkanların yarandığını göstərir. Bu məqsədlə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb.
Təklif olunan dəyişikliklərə əsasən, kənd təsərrüfatı istehsalçılarının əldə etdiyi gəlir və ya mənfəətin 90 faizi vergidən azad ediləcək. Başqa sözlə, onların gəlir və mənfəətinin yalnız 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq.
Bununla yanaşı, sadələşdirilmiş vergi üzrə tam azadolmanın müəyyən edilmiş şərtlər daxilində daha beş il müddətinə saxlanılması nəzərdə tutulur.
Dövlət Vergi Xidmətinin rəisi vurğulayıb ki, aqrar sahədə vergi güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınma və təsərrüfat əməliyyatlarının vergi hesabatlarında bəyan edilməsi şərtləri ilə əlaqələndiriləcək.
Dəyişikliklər çərçivəsində heyvandarlıq sahəsinə də əlavə vergi güzəşti təklif olunur. Belə ki, kökəltmə məqsədilə idxal edilən heyvanların üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.
Təklif olunan yeniliklərin kənd təsərrüfatında vergi güzəştlərinin tətbiqi qaydalarını yeniləməsi və sektorda uçot-hesabatlılığın gücləndirilməsi məqsədi daşıdığı bildirilir.