Ölkə üzrə əmək müqavilələrinin sayı ötən ilə nisbətən 1,2 faiz artıb.

Ölkə üzrə əmək müqavilələrinin sayı ötən ilə nisbətən

Azərbaycanda həyata keçirilən məşğulluq tədbirləri nəticəsində işsizlik səviyyəsinin 5% ətrafında saxlanılmasına nail olunub. Eyni zamanda, ölkə üzrə əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artıb.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bir neçə komitəsinin birgə iclasında məlumat verib.

Nazirin sözlərinə görə, özəl sektorda əmək müqavilələrinin sayı bir il ərzində 5,8% və ya 59 min ədəd artıb. Əmək və Məşğulluq Alt Sisteminin məlumatlarına əsasən, ölkə üzrə əməkhaqqı fondunda da 8,5% yüksəliş qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında ölkədə 52,2 min yeni iş yeri açılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

Anar Əliyev bildirib ki, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 268,9 milyon manat təşkil etməsi nəzərdə tutulur. Bu, 2026-cı il üçün təsdiqlənmiş göstəricidən 30,6 milyon manat və ya 12,8% çoxdur.

Fondun gəlirlərinin əsas mənbəyini işsizlikdən sığorta haqları təşkil edir. Bu istiqamət üzrə daxilolmaların da cari ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 30,6 milyon manat və ya 12,9% artacağı proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımların 77,7%-nin qeyri-büdcə sektorunun payına düşəcəyi gözlənilir.

Fondun 2027-ci il üzrə xərcləri isə 319,2 milyon manat həcmində proqnozlaşdırılır. Bu, cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8% çoxdur.

Nazir qeyd edib ki, gələn il fondun vəsaiti hesabına ümumilikdə 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması planlaşdırılır.

Proqnoza əsasən, 173 min nəfərin işlə təmin edilməsi, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min nəfərin isə peşə hazırlığı kurslarına cəlb olunması nəzərdə tutulur. Bundan əlavə, 230 min şəxsə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi planlaşdırılır.

Bununla yanaşı, 2027-ci il ərzində 15,6 min nəfərə işsizlikdən sığorta ödənişinin təyin edilməsi gözlənilir.