Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) professor, dosent, baş müəllim və assistent vəzifələrini tutmaq üçün müsabiqə elan edib. Müsabiqə universitetin müxtəlif fakültələrində 25 kafedra üzrə keçiriləcək.
Monetar.az xəbər verir ki, müsabiqə Memarlıq, İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, Nəqliyyat, Dizayn, Tikinti-iqtisad, Mexanika və informasiya texnologiyaları fakültələrini, eləcə də Magistratura mərkəzini əhatə edir.
Vakant vəzifələr arasında kafedra müdirləri, professorlar, dosentlər, baş müəllimlər və assistentlər var. Müsabiqə memarlıq layihələndirilməsi və şəhərsalma, inşaat konstruksiyaları, materialşünaslıq, mexanika, ekologiya, nəqliyyat və logistika, geomatika, fizika və kimya, sənayenin təşkili və idarə edilməsi, informasiya texnologiyaları və digər istiqamətləri əhatə edir.
Elana əsasən, bəzi vəzifələr üzrə 0,5 ştat nəzərdə tutulub. Namizədlərin elmi fəaliyyəti və nəşrləri, o cümlədən Scopus bazasında indekslənən elmi məqalələri ilə bağlı tələblər də müsabiqə məlumatlarında qeyd olunub.
Müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri elan dərc olunduğu gündən etibarən 1 ay müddətində qəbul ediləcək.