Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elnur Məmmədli və Elnur Mirzəzadə ilə növbəti görüşünü keçirib.
2026-cı il noyabrın 4-də baş tutan görüşdə süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və çağırışlar, bu texnologiyaların gələcək layihələrdə tətbiqi, eləcə də mentilərin innovativ təşəbbüslərə cəlb olunması məsələləri müzakirə edilib.
Məleykə Abbaszadə süni intellektin imkanlarından istifadə etməklə layihələrin reallaşdırılması və innovativ həllərin qiymətləndirmə proseslərinə inteqrasiyası ilə bağlı tövsiyələrini bölüşüb.
Görüşün sonunda növbəti mərhələyədək mentilərin üzərində işləyəcəkləri tapşırıqlar müəyyənləşdirilib.
Qeyd edək ki, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Müsabiqə çərçivəsində istifadə olunan bəzi qiymətləndirmə alətləri də Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanır.