Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb. Yeni milli parkın ərazisinə dəniz akvatoriyasının da daxil edilməsi nəzərdə tutulur.
Monetar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev I Akvakultura Forumu çərçivəsində keçirilən panel müzakirələrdə məlumat verib.
Onun sözlərinə görə, dəniz akvatoriyasının milli parkın ərazisinə daxil edilməsi su hövzələrinin mühafizəsini gücləndirməyə, qanunsuz balıq ovunun qarşısını almağa və mühafizə tədbirlərini genişləndirməyə imkan verəcək.
Rəşad Allahverdiyev bildirib ki, hazırda ölkədə sahil və dəniz ekosistemlərinin qorunmasına xüsusi diqqət yetirilir. Bu baxımdan Abşeron Milli Parkı da əhəmiyyətli təbiət ərazilərindən biridir. Bakı şəhərinə ən yaxın və ölkənin ən kiçik milli parkı olan Abşeron Milli Parkının ərazisi 700 hektardır.
Xidmət rəsmisi qanunsuz balıq ovuna qarşı mübarizənin də gücləndirildiyini qeyd edib. Bildirilib ki, qorunan ərazilərin sanitariya-mühafizə zonalarında xüsusi rejim tətbiq olunur və həmin ərazilərdə nəzarət tədbirləri daha da sərtləşdirilir.
Bundan başqa, balıqların kürüləmə dövründə mühafizə tədbirləri gücləndirilir. R. Allahverdiyevin sözlərinə görə, mühafizə rejimi ilboyu qüvvədə olsa da, kürüləmə mövsümündə və digər həssas dövrlərdə növbətçilik sistemi 24 saatlıq iş rejiminə keçirilir.
Yeni dəniz milli parkının yaradılması dəniz ekosistemlərinin qorunması, bioloji müxtəlifliyin saxlanılması və qanunsuz balıq ovuna qarşı mübarizənin gücləndirilməsi baxımından əhəmiyyətli addım olacaq.