Bakı Fond Birjasının dövriyyəsi 32 faiz azalıb

Bakı Fond Birjasının dövriyyəsi

2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 37 milyard 140,4 milyon manat təşkil edib.

Monetar.az BFB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32% azdır.

Bununla belə, hesabat dövründə bağlanmış əqdlərin sayı artıb. Son bir ildə əqdlərin sayı 2,1 dəfə yüksələrək 52 540-a çatıb.

Birjanın ümumi dövriyyəsinin böyük hissəsi repo əməliyyatlarının payına düşüb. Belə ki, yanvar-oktyabr aylarında repo əməliyyatları üzrə əqdlərin dəyəri 28 milyard 667,3 milyon manat olub. Bu, ümumi dövriyyənin 77,2%-ni təşkil edir. Göstərici illik müqayisədə 34,3% azalıb.

Dövlət qiymətli kağızları üzrə əməliyyatların dəyəri də azalıb. Hesabat dövründə bu göstərici 38,2% geriləyərək 5 milyard 476 milyon manat təşkil edib.

Korporativ qiymətli kağızlar bazarında isə əksinə, artım qeydə alınıb. Bu alətlər üzrə bağlanmış əqdlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 42,7% artaraq 2 milyard 997,1 milyon manata yüksəlib.