Bazarda ən çətin satılan əmlak qarajlardır

Bazarda ən çətin satılan əmlak

Qarajlar daşınmaz əmlak bazarında likvidlik baxımından ən zəif seqment kimi qeydə alınıb.

Monetar.az Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir ki, qarajların baza median qiyməti 1 278 manat, cari median qiyməti isə 1 200 manat təşkil edib. Beləliklə, bu seqmentdə qiymətlər 6,1% azalıb, indeks isə 93,9 səviyyəsində qərarlaşıb.

Qarajların satış müddəti 23-33 gün təşkil edir. Bu göstərici onları müqayisə olunan əmlak seqmentləri arasında aşağı likvidlik kateqoriyasına yerləşdirir.

Palatanın təqdim etdiyi məlumatlara görə, qarajların satışında tətbiq olunan diskont 9,9-13,1% intervalındadır.

Müqayisə üçün, yeni tikili mənzillərin satış müddəti 11-15 gün, köhnə tikili mənzillərin satış müddəti isə 15-21 gün təşkil edir. Bu seqmentlər yüksək likvidlik göstəricisi ilə fərqlənir.

Torpaq sahələrində isə əks mənzərə müşahidə olunur. Belə ki, torpaqların median qiyməti baza dövrü ilə müqayisədə 19,2% artaraq 15 900 manata çatıb. Buna baxmayaraq, satış müddəti 18-26 gün təşkil edir və likvidlik orta səviyyədədir.

.